Bank Of Baku

QHT nümayəndələri ADU-da imtahanların gedişini izləyiblər

QHT nümayəndələri ADU-da imtahanların gedişini izləyiblər
# 14 iyun 2013 12:47 (UTC +04:00)

Bakı – APA. İyunun 14-də  Azərbaycan Dillər Universitetində (ADU) yay imtahan sessiyasının gedişi izlənilib.

 

ADU mətbuat xidmətindən APA_ya verilən məlumata görə, ADU-nun Tədris şöbəsinin müdiri və Operativ Qərargahın sədri Şəfəq Şahməmmədova, Pedaqoji fakültənin dekanı, professor Əfqan Abdullayev, Filologiya və Jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova, Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev, Xüsusi şöbənin rəisi Elçin Tağıyev, ADU Tələbə həmkarlar Təşkilatının əməkdaşı Hafiz Rəhimov, həmçinin Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, Antikorrupsiya Şəbəkəsinin üzvü Əhməd Abbasbəyli və ADU mətbuat xidmətinin nümayəndəsi izləmə prosesində iştirak edib. Təklif və şikayətləri qəbul etmək üçün müvafiq qutular açılıb.

 

Qeyd edək ki, ADU-da yay imtahan sessiyasına iyunun 3-dən etibarən start verilib. ADU-nun rektoru, professor Səməd Seyidov 2012/2013-cü tədris ilinin yay imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə 22 may 2013-cü il tarixində əmr imzalayıb. Əmrə əsasən, yay imtahan sessiyası iyunun 3-dən başlayıb, qiyabi şöbədə sessiya müddəti 3 iyun-3 İyul müddətində müəyyən edilib. Yay imtahan sessiyası 4 fakültənin (Pedaqoji, Filologiya və Jurnalistika, Tərcümə, Regionşünaslıq və BM) əyani gündüz şöbələrində aparılır.

 

Yay imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah yaradılıb. Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədovanın rəhbərlik etdiyi Operativ Qərargahın üzvləri rektorun müşaviri Vazeh Əsgərov, Xüsusi şöbənin rəisi Elçin Tağıyev, ADU Tələbə həmkarlar təşkilatının əməkdaşı Hafiz Rəhimov, ADU Tələbə Gənclər Təşkilatının sədri Xıdır Kazımovdur. Bununla yanaşı, ADU-nun 440-35-05, 440 35 02, 440-64-82 saylı şəhər və 141, 146, 264 saylı daxili telefonları, eyni zamanda [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün tədris binalarına müvafiq qutular qoyulub.

 

Fakültə dekanlarına və kafedra müdirlərinə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunmasını təmin etmələri tapşırılıb. Əmrdə bir qayda olaraq qeyd olunub ki, hər bir imtahan başa çatdıqdan sonra imtahan yazıları nəzarətçilər tərəfindən kodlaşma üçün məsul şəxsə təhvil verilsin, kodlaşmadan sonra fənn tədris edən müəllimlər tərəfindən götürülərək yoxlanılsın və nəticələr protokollaşdırılıb yazı işləri ilə birgə dekanlıqlara təhvil verilsin. Eyni zamanda kafedralar imtahan yazılarının imtahanın keçirildiyi gün yoxlanılmasını təmin etsinlər. Əmrdə qeyd olunur ki, müstəsna hallarda II növbə təşkil edilmiş imtahanların yoxlanılması və nəticələrin elan edilməsi növbəti iş günündən gec olmayaraq təxirə salına bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR