Bakı. Etibar Məmmədov - APA. “Akademik kreditlərin verilməsinə görə tələbə bakalavr dərəcəsini almaq üçün müəyyən kreditləri toplamalıdır”. APA-nın məlumatına görə, bunu Təhsil nazirinin müavini Qulu Novruzov universitetlərdə bakalavr dərəcəsi üçün tətbiq olunan imtahanlara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan 2005-ci ildən Boloniya prosesinə qoşulub və bu prosesin prinsiplərinə uyğun olaraq kredit sisteminin tətbiq olunmasına başlanılıb: “Kreditlərə uyğun olaraq, yəni akademik kreditlərin verilməsinə görə tələbə bakalavr dərəcəsini almaq üçün müəyyən kreditləri toplamalıdır. Dövlət imtahanı, diplom müdafiəsi məsələsinə gəldikdə isə bunlar daha çox ali məktəblərin öz ixtiyarına buraxıldı. Yəni bilavasitə məqsəd ali təhsildə keyfiyyətin təmin olunması, daha yaxşı mütəxəssislərin hazırlanması üçün bu və ya digər üsulların seçilməsidir. Tələbə üçün diplom işi də müəyyən kreditdir və bu da müəyyən akademik dərəcəni almaq üçün olan yükün bir hissəsidir”.