Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorun müavini Afaq Əliyeva APA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, respirator sindromu ailəsinə məxsus koronovirus virusu 2012-ci ilin sentyabr ayından Səudiyyə Ərəbistanda qeydə alınıb və cəmi 104 nəfər bu virusa yoluxub. Onlardan 49 nəfəri ölüb: “Digər ölkələrdən gələn vətəndaşlar arasında tək-tək hallarda bu infeksiyaya yoluxma halları qeydə alınıb. Ümumiyyətlə, bu virusun qeydə alındığı ölkələrin sərhəd keçid məntəqələrində hər hansı tədbirlərin görülməsinə, gediş-gəlişin qarşısının alınmasına ehtiyac yoxdur. Digər ölkələrə bu xəstəliyin gətirilmə qorxusu yoxdur. Eləcə də Həcc ziyarətinə gedən vətəndaşların yoluxma ehtimalı çox aşağıdır. Yəqin ki, yaxın zamanda bu xəstəliyin qeydiyyatı tam dayanacaq”.
A.Əliyeva qeyd edib ki, bu xəstəliyin dəqiq simptomları yoxdur: “Virus hava damcı yolu ilə keçir. Həmin ölkələrdən gələn vətəndaşlarda temperatur olarsa, kəskin respirator virus infeksiyalarına xas olan əlamətlər qeydə alınarsa, onlar hökmən həkimə müraciət etməlidirlər”.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, zəvvarlardan ibarət bütün səfər qruplarına həmin viruslar üzrə ixtisaslaşmış həkim heyəti cəlb ediləcək. Hər qrup üzrə iki həkim təyin olunacaq. Virusun təhlükəliliyi nəzərə alınaraq QMİ yaşlı və orqanizmi zəif olan zəvvarların səfərlərini təxirə salmağı da tövsiyə edir.
Xatırladaq ki, 2012-ci ilin sentyabr ayından Ümumdünya Səhiyyə Təşkilatı əsasən Səudiyyə Ərəbistan yayılan koronovirus ilə 100-dən yoluxma halı aşkar edib. 50 nəfər bu xəstəlikdən vəfat edib. Bu xəstəliyə yoluxan insanlarda kəskin respirator sindromuna və böyrək çatışmazlığına gətirib çıxara bilər. Təşkilatın mütəxəssisləri Səudiyyə Ərəbistan və bu ölkə ilə qonşu və Şimali Afrikada yerləşən bir sıra dövlətlərə səfər edəndə ehtiyatlı olmağa çağırıb.