Bu barədə APA-ya açıqlamasında RGEM-in şöbə müdiri İmran Abdullayev məlumat verib. O bildirib ki, 15 gün ərzində davam edəcək yoxlamalar zamanı 100-dən çox çörəkdən nümunələr götürüləcək: “Bu yoxlamanın aparılmasında məqsəd çörəyin parametrləri, keyfiyyətini, o cümlədən çörəkdə və unda kartof xəstəliyinin araşdırılmasıdır. Yay aylarında çörəkdə kartof xəstəliyi daha çox aşkarlanır. İstehlakçılar da bir çox hallarda bununla bağlı mərkəzə müraciət edərək iradlarını bildirirlər. Bunun başlıca həlli ondan ibarətdir ki, alınan unu tez bir zamanda istifadə etmək lazımdır. Əks halda un münbit şəraitdə qaldıqda həmin çörəyin tərkibində mikroorqanizmlər inkişaf edir. Biz də istəyirik ki, çörək istehsalçıları bu sahədən xəbərdar olsun və çörəyin tez bir zamanda hazırlanaraq istifadəyə verilməsinə nail olsunlar”.