Şəki. Vüqar Heydərov-APA. Şəkidə iki yeni məktəb binası istifadəyə verilib. Şəki şəhər-rayon İcra Hakimiyyəti aparatından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəkinin Aşağı Layskı kəndində 360 şagird yerlik, Əlyar kəndində isə 80 şagird yerlik yeni məktəb binaları dövlət vəsaiti hesabına tikilərək istifadəyə verilib. Bu münasibətlə keçirilən açılış mərasimlərində Şəki Şəhər Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov, müvafiq idarə və təşkilat nümayəndələri, kənd sakinləri, müəllim kollektivi və şagirdlər iştirak edib. Şəki ŞRİH-nin başçısı E. Usubov açılış mərasimlərində çıxış edərək hər iki məktəbin müəllim kollektivini və məktəbliləri təbrik edib.
Mərasimdə bildirilib ki, Əlyar kəndində inşa edilən 80 şagird yerlik ümumtəhsil məktəb binasının tikintisinə 2012-ci ilin iyulundan başlanılıb. Məktəb 1 idman zalı, 12 otaq, fənn kabinələrindən, kompüter otağından ibarətdir.
Rayonun Aşağı Layısqı kəndində inşa edilən tam orta məktəbi isə 360 şagird yerlikdir. Burada 18 sinif otağı, fənn kabinələri, akt zalı, idman zalı, 2 kompüter otağı, kitabxana fəaliyyət göstərir. Hər iki məktəb binası müasir avadanlıqlarla və istilik sistemi ilə təchiz edilib.