Bakı-APA. İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının 102-ci sessiyası keçirilir. Sessiyanın gündəliyinə daxil edilmiş məsələlər sırasında “Yeni demoqrafik şəraitdə məşğulluq və sosial müdafiə” mövzusu iştirakçılar tərəfindən geniş müzakirə edilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev sessiyada həmin məsələ ilə bağlı çıxış edib.
AHİK mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, konfederasiya sədri çıxışında qeyd edib ki, müzakirəyə çıxarılmış problem demoqrafik inkişaf səviyyəsi müxtəlif olan ölkələrin əmək bazarlarının sosial-iqtisadi fəaliyyəti üçün maraqlı və aktualdır.
Qeyd olunub ki, hazırda inkişaf etmiş ölkələrdə əhalinin yaşlanması prosesi daha sürətlə davam edir. Əksər Avropa ölkələrində əhalinin 65 yaşdan yuxarı olan hissəsi 15-17 faizi təşkil edir. Bu bir tərəfdən doğum səviyyəsinin aşağı düşməsi, digər tərəfdən isə uzunömürlülüyün artması ilə əlaqədardır. Verilən məlumatlara əsasən, yaxın gələcəkdə planetin əhalisinin orta yaşı sürətlə artacaq və 2030-cu ilə kimi 35 yaşa çatacaq.
S.Mehbalıyev deyib ki, sadaladığı demoqrafik dəyişikliklər həmçinin Azərbaycana da aiddir: “Əgər 20 il əvvəl bizim dövlətimizin əhalisini nisbətən gənc adlandırmaq mümkün idisə, indi «yaşlanan» hesab oluna bilər. Bu müddət ərzində insanların xüsusi çəkisi 65 yaş və ondan yuxarı 4,8 faizdən 5,8 faizədək artmışdır, ancaq əhalinin 15 yaşadək çəkisi 33,1 faizdən 22,3 faizə enib. Uzunömürlülük isə dayanmadan yüksələrək hazırda 74 yaş həddinə yaxınlaşır”.
Çıxışının sonunda AHİK sədri vurğulayıb ki, əhalinin yaşlanması təbii proses olaraq qaçılmazdır və dönməzdir. Lakin müvafiq tədbirlər vaxtında işlənib hazırlansa və həyata keçirilsə, bu prosesin neqativ nəticələrindən qaçmaq olar.
Qeyd edək ki, Beynəlxalq Əmək Təşkilatının 102-ci sessiyası öz işini iyunun 20-dək davam etdirəcək.