Bakı. Könül Kamilqızı – APA. 2004-2012-ci illərdə 4 mindən çox mənzil inşa olunaraq əlil və şəhid ailələrinə təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, ümumilikdə bu vaxta qədər 5 minə yaxın əlil və şəhid ailəsi mənzillə təmin olunub.
Kənd rayonlarında həyətyanı sahəsi olan 750-dək fərdi ev inşa etdirilərək müharibə əlillərinə verilib: “Əgər 1997-2007-ci illərdə, yəni on il müddətində 2200-ə yaxın mənzil əlil və şəhid ailələrinin istifadəsinə verilmişdisə, son 5 ilə yaxın müddətdə bu rəqəm 5 minə çatdırılıb. Başqa sözlə, 1997-ci illə müqayisədə əlil və şəhid ailələri üçün inşa olunan mənzillərin illik sayı 10 dəfəyə yaxın artıb. Belə ki, hazırda hər il orta hesabla 700-dən çox mənzil inşa olunaraq, müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilir. Eyni zamanda son illərdə çoxmənzilli binaların inşasına xüsusi diqqət yetirilir. Əgər əvvəllərdə əksərən ikimərtəbəli 16 və 4 mərtəbəli 36 mənzilli binalar inşa olunurdusa, son illərdə 9 mərtəbəli 81 mənzilli və 12 mərtəbəli 96 mənzilli binaların inşası da geniş vüsət alır”.