Bakı. Könül Kamilqızı - APA. Təhsil naziri Misir Mərdanov 20 Yanvar faciəsinin 23-cü ildönümünün qeyd edilməsi barədə əmr imzalayıb.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrdə 20 Yanvar faciəsinin 23-cü ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planının təsdiq edilməsi tapşırılıb.
Əmrə əsasən, 20 Yanvar hadisələrinin mahiyyətinin üzə çıxarılması ilə bağlı ali, orta ixtisas, ilk-peşə ixtisası və ümumtəhsil məktəblərində matəm mitinqləri keçirmək, xüsusi qəzetlər, bülletenlər, stendlər, guşələr yaratmaq, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri, şagirdlərlə və tələbələrlə görüşlər, söhbətlər və mühazirələr təşkil etmək nəzərdə tutulur. Bundan əlavə, təhsil müəssisələrində yanvarın 18-də Qanlı Yanvar faciəsinə həsr olunmuş xüsusi dərsin keçirilməsi, ümumtəhsil və ilk-peşə ixtisası təhsili müəssisələri şagirdlərinin 20 Yanvar hadisələrini əks etdirən rəsmlərindən ibarət sərgilər təşkil edilməsi, respublikanın rayon və şəhərlərində şəhidlərin xatirəsinə ucaldılmış abidələrə, şəhidlər xiyabanlarına şagird və tələbələrin ziyarətinin təmin edilməsi planlaşdırılır.