Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Misir Mərdanov Türkiyənin Ankara Universitetinin rektoru Erkan İbişlə görüşüb.
Nazirlikdən APA-ya verilən xəbərə görə, görüşdə nazir Azərbaycanla Türkiyə arasında təşəkkül tapan qarşılıqlı dostluq və qardaşlıq münasibətlərindən söz açıb. İki ölkənin təhsil sahəsində geniş əməkdaşlığının mövcudluğunu önə çəkən Misir Mərdanov yaradılan əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Ankara Universitetinin rektoru Erkan İbiş rəhbəri olduğu ali məktəbdə tədris olunan ixtisaslar və Ankara Universitetinin maddi-texniki imkanları haqqında məlumat verib. Rektor Bakı Dövlət Universiteti ilə hüquq sahəsində ikili diplomların verilməsi ilə bağlı birgə proqramın həyata keçirilməsi istiqamətində görülmüş işlərdən söhbət açıb. Bu məqsədlə seçilmiş 30 tələbənin müvafiq proqram əsasında təhsil aldığını söyləyən qonaq gələcəkdə digər ixtisaslar üzrə də ikili diplomların verilməsinin mümkünlüyünü nəzərə çatdırıb.
Görüşdə daha sonra universitetlərarası əməkdaşlığın inkişafı, müəllim-tələbə mübadiləsinin aparılması və digər bu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.