Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycan və Rusiya Təhsil və Elm Nazirlikləri arasında imzalanmış “Təhsil sahəsində əməkdaşlıq haqqında” protokola əsasən tərəflərin qarşılıqlı olaraq ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil almaq məqsədilə hər il müəyyən sayda kvota ayırması nəzərdə tutulur. Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi 2013-2014-cü tədris ili üçün Rusiyanın ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşlarına 49 yer ayırıb. Təhsil Nazirliyinin Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi ilə apardığı müzakirələr nəticəsində 2013-2014-cü tədris ili üçün namizədlərin seçim prosedurlarının öncəki illərdə olduğu kimi saxlanılması barədə razılıq əldə olunub.
Qəbul olunanların sənədləri Rusiya tərəfinə çatdırılmaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilməlidir. Təhsil Nazirliyi Azərbaycan və Rusiya arasındakı təhsil əlaqələrinin genişləndirilməsinə yönəlmiş bu təşəbbüsü yüksək dəyərləndirərək gələcəkdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazırdır.