Bakı. Könül Kamilqızı - APA. “Hazırda ümumtəhsil məktəblərində aparılmış tədqiqatların nəticəsi və bu təhsil müəssisələri rəhbərlərinin mövqeyi bundan ibarətdir ki, məktəb direktorları bir çox məsələlərdə qərar vermə səlahiyyətlərinə malik deyil”.
Təhsil Nazirliyinin Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev APA-ya açıqlamasında bildirib ki, müəllimin işə qəbulu, qiymətləndirmə sahəsində vasitələrin hazırlanması və digər məsələlər mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
Onun sözlərinə görə, məktəb direktorlarına bu səlahiyyətlər tədricən könüllülük əsasında verilə bilər: “Özünüidarəetmə o demək deyil ki, məktəb direktorları bu və ya digər şəkildə hər şeyi özləri etməlidirlər. Burada söhbət qanunvericilik çərçivəsində fəaliyyət göstərməklə səlahiyyətlərin artırılmasından gedir. Səlahiyyətlərin artırılması isə öz növbəsində daha yüksək cavabdehlik və hesabat vermə tələb edir. Səlahiyyətlər aşağı olduğuna görə məktəb rəhbərliyi nəticələrə görə cavabdehlikdən boyun qaçıra bilir və “idarəetmə məsələləri səlahiyyətimdə olmadığından, nəticəyə də mən məsuliyyət daşımıram” deyir. Müəllim mərkəzləşdirilmiş imtahan verdikdən sonra məktəbə işləməyə gəlir. Əgər məktəb direktorunun müəllim işə qəbul etmək səlahiyyəti varsa, sabah həmin müəllimin göstərdiyi nəticəyə görə də məhz özü cavabdehlik daşımalıdır. Bu, çox önəmli bir dəyişiklərə səbəb ola bilər”.
Nazirlik rəsmisi qeyd edib ki, növbəti ildən məktəb rəhbərlərinin səmərəli fəaliyyətini təmin etmək məqsədilə onlar üçün peşə standartları əsasında təlimlərin keçirilməsində məqsəd təhsilin keyfiyyətinin, məktəb direktorlarının idarəetmə səriştəliliyini artırmaq, onları məktəblərdə nazirlik üçün prioritet olan hədəflərə çatmaqda əsas menecerlərə çevirmək və ümumilikdə məktəb idarəetməsinin səriştəli, bilikli kadrlar tərəfindən həyata keçirilməsinə nail olmaqdan ibarətdir. E.Əmrullayev qeyd edib ki, bu günədək təlimlərdə iştirak üçün 200-ə qədər şəxs müraciət edib: “Hələ son müraciət tarixinə bir neçə gün qalıb, biz 300-400 civarında namizədin müraciət etməsini gözləyirik. Təlimdə iştirak üçün cəmi 50 yer olmasını nəzərə alaraq, seçim prosesinin rəqabətli olmasını gözləyirik”.
Keyfiyyət sertifikatı almış məktəb direktorlarının əməkhaqqına əlavələrin edilməsinə gəlincə, sektor müdiri qeyd edib ki, sonda qiymətləndirmədə səriştəli direktor adını ala bilirsə, onların əməkhaqqında differensasiya müşahidə olunmalıdır: “Ümumiyyətlə, yanaşma budur ki, müəllim, direktor keyfiyyətli iş görürsə, bu halda onun əməkhaqqı digərlərindən fərqli olmalıdır”.