Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi tərəfindən məktəbdənkənar müəssisələrdə fəaliyyət göstərən müəllimlərin ixtisasartırması ilə bağlı yeni modul hazırlanıb. Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov məlumat verib.
O bildirib ki, 2012-ci ildə hazırlanan bu modul əsasında artıq müəllimlərin ixtisasartırması həyata keçirilir. Yeni modula əsasən kadrların ixtisasartırma təhsili modul-kredit əsaslı yeni model üzrə icra olunmalıdır. Burada əsas məqsəd müəllimlərin zamanın tələblərinə uyğun olaraq yenidən hazırlanmasıdır. Bu sahədə kifayət qədər təcrübənin olduğunu deyən şöbə müdirinin sözlərinə görə, nəsildəyişmə zamanı kadrların hazırlanması prosesində lazımi işlər görülməlidir: “Kadrların hazırlanması sahəsində bəzi işlər görülməlidir. Bir çox sahələr var ki, gələcəkdə orada kadrlara daha ciddi ehtiyac yaranacaq. Bunlara şahmatın tədrisi və digər məsələlər daxildir”.
A.İbrahimov bu gün bəzi məktəbdənkənar müəssisələrin yaxşı vəziyyətdə olmadığını da deyib. O bildirib ki, hər bir məktəbdənkənar müəssisənin özünün binası olmalıdır: “Onlar heç zaman kirayə vəziyyətində qalmamalıdır. Əgər müəssisənin binası yoxdursa, onun müasir tələblərə cavab verən fəaliyyətindən danışmaq mümkün deyil. Bu gün yeni binalar tikilir. Lakin bunları hələ ki, bu gün üçün başlanğıc hesab etmək olar”.