Bank Of Baku

Təhsil Nazirliyində peşə təhsili ilə bağlı yeni sistemin təqdimatı keçirilib

Təhsil Nazirliyində peşə təhsili ilə bağlı yeni sistemin təqdimatı keçirilib
# 01 aprel 2013 09:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyində Peşə Seçiminə Dəstək Sistemi (PSDS) portalının (www.psds.edu.az) təqdimat mərasimi keçirilib.

 

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, yeni sistemin yaradılması Azərbaycan cəmiyyətində peşə təhsilinə olan marağın daha da artırılmasına təkan verəcək.

 

Onun sözlərinə görə, Azərbaycanda peşə təhsilinin inkişafı əsas prioritet sahə kimi irəli sürülüb: “Bu gün ölkədə yeni peşə məktəbləri tikilir, əsaslı təmir olunur. Belə bir zamanda insanların peşə təhsili barədə daha ətraflı məlumat alması üçün belə portalın hazırlanması və istifadəyə verilməsi vacibdir. Peşə Seçiminə Dəstək Sisteminin əsas məqsədi orta məktəb şagirdlərini peşələrlə daha yaxından tanış etmək, şagirdlərin bacarıq və maraq dairələrinə uyğun olan peşə sahələrinə istiqamətləndirmək, məzunların işəgötürənlərlə əlaqə qurmalarını təmin etməkdən ibarətdir. Bu sistem valideynləri və şagirdləri sırf maarifləndirmək, ictimaiyyəti məlumatlandırmaq üçün mühüm əhəmiyyət daşıyır. Belə ki, şagirdlər peşə məktəblərinə getmədən internet vasitəsilə peşə təhsili müəssisələri ilə tanış olacaq və sənədlərin qəbulu internet vasitəsilə aparılacaq”.

 

Tədbirin davamında yeni sistem təqdim olunub. Bildirilib ki, PSDS portalı “Özünü tanı”, “Peşə ixtisasları”, “Peşə təhsili müəssisələri”, “Şagird qəbulu”, “CV yüklə” və “CV siyahısı” bölmələrini özündə birləşdirir. İstifadəçilər “Özünü tanı” bölməsində 170 sualdan ibarət testləri həll etməklə bacarıq və maraq dairələri ilə bağlı özlərində aydın təsəvvür formalaşdıra bilərlər. “Peşə ixtisasları” bölməsində müvafiq peşələr haqqında dolğun məlumatlar əldə etmək mümkündür. Portal istifadəçiləri “Peşə təhsili müəssisələri” bölməsində seçdikləri peşə ixtisasının hansı peşə təhsili müəssisələrində tədris olunduğu haqqında informasiya ala və həmin peşə təhsili müəssisələrinə dair ətraflı məlumat əldə edə bilərlər. “Şagird qəbulu” bölməsində müvafiq peşə ixtisasına uyğun peşə təhsili müəssisələrinə ərizə ilə müraciət etmək imkanı yaradılıb. İstifadəçilər “CV yüklə” bölməsində özləri haqqında məlumatları daxil edərək işəgötürənlərin onlarla əlaqə saxlamasını təmin edə bilərlər. “CV siyahısı” bölməsində namizəd tələb olunan meyarları daxil edərək istənilən namizəd siyahısına çıxış əldə edə və hər bir namizədin CV məlumatlarını nəzərdən keçirə bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR