Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyinin sifarişi əsasında 2012-ci ildə Təhsil Problemləri İnstitutunda yerinə yetirilmiş tədqiqat mövzularının müzakirəsinə həsr olunmuş iclas keçirilib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, nazir Misir Mərdanov Təhsil Problemləri İnstitutunda təhsil sahəsi üzrə ictimaiyyəti maraqlandıran müxtəlif mövzular üzrə tədqiqatların aparılmasının zəruriliyini nəzərə çatdırıb. Görülmüş işlərin, həyata keçirilmiş islahatların nəticələrinin qiymətləndirilməsinin əhəmiyyətinə toxunan Misir Mərdanov təhsil sahəsində yeniliklərin tətbiqi prosesinin dəqiq müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. O, daha dolğun tədqiqatların aparılması üçün digər maliyyə imkanlarından da yararlanmağın səmərəli nəticələr verəcəyinə inamını ifadə edib. Nazir Təhsil Problemləri İnstitutunun Təhsil Nazirliyi ilə birgə elmi seminarlar təşkil etməsinin əhəmiyyətindən bəhs edib.
Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov 2012-ci ildə əsasən, tətbiqi xarakterli mövzuların araşdırıldığını qeyd edib.