Bakı. Könül Kamilqızı - APA. “Azərbaycanda ilkin müəllim hazırlığında bir çox problemlər var”. Bunu APA-ya açıqlamasında Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov deyib.
Onun sözlərinə görə, bu problemlər daha çox yeni təhsil proqramlarının müəllim hazırlığında nəzərə alınması, müəllim hazırlığa olan münasibətin dəyişməsi, ilkin müəllim hazırlığında istehsalat təcrübələrinin artırılması, müəllimin daha çox ümumtəhsil məktəblərində təcrübə keçərək sənətə yiyələnmənin sirlərini öyrənməsi kimi məsələləri əhatə edir: “Problemlərin aradan qaldırılması üçün ciddi iş aparılmalıdır”.
A.Mehrabov qeyd edib ki, ilkin müəllim hazırlığında yeni məzmunla (kurrikulumla) bağlı ciddi şəkildə tədris planında yeniləşmə getməlidir: “Çünki hazırda ibtidai təhsil pilləsində tətbiq olunan kurikulum əsasında tədris olunur. Ona görə də bunlar ilkin müəllim hazırlığında ciddi şəkildə nəzərə alınmalıdır”.
A.Mehrabov pedaqoji kadrlar hazırlayan ali məktəblərdə keçirilən dərslərin keyfiyyətinə də münasibət bildirib. O qeyd edib ki, son illər ali məktəblərin tədris proqramlarında bəzi dəyişikliklər edilib və “Kurrikulum əsasları” adlı fənn əlavə edilib: “Ancaq bunlar kifayət etmir. İlkin müəllim hazırlığında yeni məzmunla bağlı ciddi şəkildə tədris proqramında yeniləşmə getməlidir”.