Bakı. Etibar Məmmədov – APA. Gənclər və İdman Nazirliyi tərəfindən Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin “Gənclərin Beynəlxalq Əməkdaşlıq Strategiyasının həyata keçirilməsi üçün 2012-2013-cü illərdə” tədbirlər planına uyğun olaraq “İdeya var 1” Tələbələrin Beynəlxalq Elmi Yaradıcılıq festivalı keçirilib. APA-nın məlumatına görə, festivalda 8 nominasiya üzrə 300-ə yaxın layihə təqdim edilib və ən çox bal yığmış layihə rəhbərləri qaliblər siyahısına daxil edilib.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev festivalın əhəmiyyətini qeyd edərək bildirib ki, festival tələbələrin yaradıcılıq potensialının reallaşdırılmasına şərait yaradacaq və MDB üzrə gənclər sahəsində beynəlxalq əlaqələrin inkişafına töhfə verəcək: “Müsabiqəyə təqdim olunan əsərlər təhsil, sosial, sağlam həyat tərzi və müxtəlif mövzuları əhatə edir. Burada əsas məqsəd bu gənclər arasında əlaqələri genişləndirmək, təcrübə mübadiləsini təşkil etmək və elmi yaradıcılıqda müxtəlif təşəbbüslərin aşkar etməkdir. Bu artıq Azərbaycan tərəfindən təşkil olunan ikinci müsabiqədir və bu müsabiqə MDB ölkələri tərəfindən dəstəklənir”.
Sonra festival qalibləri mükafatlandırılıb.