Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyevanın APA-ya müsahibəsi
- Azərbaycanda yeni qiymətləndirmə metodunun tətbiqinə nə vaxtdan başlanıb və əsas xüsusiyyətləri hansılardır?
- 2003-cü ildən Azərbaycanda yeni qiymətləndirmənin tətbiqi üçün hazırlıq işlərinə başlanıldı. Beynəlxalq təcrübə və yerli vəziyyət öyrənildikdən sonra Azərbaycan üçün yeni icra mexanizmi hazırlandı və hazırlıq prosesi 5 il davam etdi. 2008/2009-cu dərs ilində ibtidai təhsil səviyyəsində yeni kurrikuluma, o cümlədən qiymətləndirmənin tətbiqinə başlanıldı.
Yeni qiymətləndirmə Azərbaycanda 3 istiqamətdə həyata keçirilir: Milli, beynəlxalq və məktəbdaxili qiymətləndirmələr. Hər 3 istiqamət üzrə Azərbaycanda artıq müəyyən təcrübə əldə edilib. Milli və beynəlxalq qiymətləndirmələr tədqiqatdır, məktəbdaxili qiymətləndirmə isə rəsmi qiymətləndirmədir. Təhsil ictimaiyyətini hazırda ən çox məktəbdaxili qiymətləndirmənin tərkib hissələri maraqlandırır. Yeni məktəbdaxili qiymətləndirmənin tərkib hissələri diaqnostik, formativ və summativ qiymətləndirmələrdir. Bunların üçü də bir-biri ilə vəhdət təşkil etməklə, biri digərinə xidmət edir. Diaqnostik qiymətləndirmə müəllim üçün təlim strategiyasının müəyyənləşdirilməsinə xidmət edir. Hər bir uşağın fərdi xüsusiyyətini öyrənib onun qiymətləndirilməsi aparılmalıdır. Öz təlim strategiyasını müəyyənləşdirmək üçün şagirdə fərdi yanaşmanı və işi düzgün qurmaq üçün müəllimlər diaqnostik qiymətləndirməni bilməli və icra etməlidir. Yeni qiymətləndirmənin əsas məzmunu fəaliyyəti qiymətləndirən formativ qiymətləndirmənin payına düşür. Formativ qiymətləndirmə şagirdin fəaliyyətini formalaşdıran, inkişafı izləyən, istiqamətini düzgün müəyyənləşdirən qiymətləndirmədir. Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil. O, şagirdin inkişafını izləməklə onun təlim nəticələrinə nail olmasını tənzimləyir. Formativ qiymətləndirmə şagird fəaliyyətinin monitorinqi kimi də izah edilə bilər. Müəllim müşahidə yolu ilə şagirdin fəaliyyətini öyrənir və onu təsviri yolla izah edir. Formativ qiymətləndirmənin nəticələri rəqəmlərlə deyil, sözlə ifadə olunur. Formativ qiymətləndirmədə şagird qiymət almaq üçün deyil, yaxşı nəticə göstərmək üçün çalışır. Formativ qiymətləndirmə summativ qiymətləndirməyə aparan yoldur və şagirdin nailiyyətini deyil, fəaliyyətini qiymətləndirir. Məktəbdaxili qiymətləndirmənin III tərkib hissəsi summativ qiymətləndirmədir. Bu, şagirdin nailiyyətinin qiymətləndirilməsidir. Summativ qiymətləndirmənin nəticələri rəqəmlə ifadə olunur, müəyyən vaxtlarda, bəhs, bölmə bitdikdə, yarımillərin sonunda aparılır. Summativ qiymətləndirmə vasitələrinin hazırlanmasına da həssas yanaşmaq lazımdır. Müəllim sualları elə qurmalıdır ki, bütün nailiyyət səviyyələri (asan, orta, çətin) əhatə edilsin.
- Bu yeniliklər köhnə sistemdən nə ilə fərqlənir?
- Ənənəvi qiymətləndirmə ilə yeni qiymətləndirməni müqayisə etdikdə bəzi fərqlilikləri görmək olar. Ənənəvi qiymətləndirmə qiymət yazma formasında təzahür edir və şagirdin yalnız nailiyyəti qiymətləndirilir, şagird bilik və bacarığına görə deyil, siniflə müqayisədə qiymətləndirilir və dərsin bir hissəsində həyata keçirilir. Yeni qiymətləndirmə isə davamlı prosesdir. Təhsil alanın həm fəaliyyəti, həm də nailiyyəti qiymətləndirilir. Həmçinin fəaliyyəti izlənilməklə, şagird dünəninə və bu gününə görə qiymətləndirilir. Müəllim formativ qiymətləndirmə zamanı müşahidə aparması ilə bütün dərs prosesini müşayiət edir, nəticələr isə dərsin sonunda formativ qiymətləndirmə jurnalında və məktəbli kitabçasında qeyd olunur.
- Yeni qiymətləndirmənin tətbiqində problem yaradan səbəblər hansılardır?
- Yeni kurrikulumun tədrisi üzrə təlim kurslarında yeni qiymətləndirmə barədə nəzəri və praktik məlumat verilsə də, müəllim bununla kifayətlənməməlidir. Məktəb direktorları, müəllimlər məlumatlanmaq üçün dövri mətbuata, beynəlxalq təcrübəyə müraciət etməli, elmi ədəbiyyatlarla tanış olmalıdırlar. Lakin bir çox hallarda müəllimlər bu işdə lazımi təcrübəsi olmayanlara müraciət edərək yanlış göstərişlər alırlar. Formativ qiymətləndirmə jurnalında onun yazılması haqqında göstərişlərə diqqət yetirmir və bu jurnalda sinifdəki bütün şagirdlərin fəaliyyətinin sözlü təsvirinin olmasını mütləq sayırlar. Halbuki bu, məzmun standartlarının neçə mövzuda reallaşması ilə tənzimlənməlidir.
- Bu sahədəki mövcud problemlərin aradan qaldırılması üçün hansı işlər görülməlidir?
- İlk olaraq məktəbdaxili qiymətləndirmənin tətbiqi vəziyyətini təkmilləşdirmək üçün bölgələr üzrə müşavirələr keçirilməli, müəllim fəaliyyətinin monitorinqi aparılmalıdır. Bundan əlavə, yeni fənn kurrikulumları tətbiq edilən siniflərdə dərs deyən müəllimlər üçün keçiriləcək təlim kurslarının işinin daha da təkmilləşdirilməsinə və mühazirə materiallarının, izahların praktikliyinə nəzarət edilməlidir. Ümumtəhsil məktəblərində Təhsil Nazirliyinin müvafiq qrifi olan təhsil resurslarının istifadəsi nəzarətdə saxlanılmalı, kurrikulum üzrə qiymətləndirmə keçirməklə məzmun və qiymətləndirmə standartları təkmilləşdirilməlidir.