Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev iyulun 5-də Tovuzda Hemodializ Mərkəzinin açılışında iştirak edib.
APA-nın məlumatına görə, dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsib. Mərkəzin tikintisinə 2008-ci il sentyabrın 24-də başlanıb.
Üçmərtəbəli binanın ümumi sahəsi 6 min kvadratmetrdir. Hemodializ Mərkəzinin inşaat işləri müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilib. Mərkəzdə qəbul, hemodializ və diaqnostika şöbələri fəaliyyət göstərir.
Prezident hemodializ şöbəsi ilə tanış olub. Burada müasir tipli 20 hemodializ aparatı quraşdırılıb.
Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda 2208 nəfər böyrək çatışmazlığından əziyyət çəkir. Onların hamısı dövlət vəsaiti hesabına müalicə alır, müvafiq dərman vasitələri ilə tam təmin olunurlar. Qərb bölgəsində böyrək çatışmazlığından əziyyət çəkən xəstələr Hemodializ Mərkəzinin xidmətindən istifadə edə biləcəklər. Ümumilikdə qərb bölgəsi üzrə 308 hemodializ xəstəsi var. Bu günədək Tovuz rayonundan olan 27, Qazax rayonundan olan 3 xəstə Gəncədəki Hemodializ Mərkəzinin xidmətindən istifadə edirdi. Yeni Mərkəzin fəaliyyətə başlamasından sonra artıq bu bölgədən olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin hemodializ seansları qəbul etmək üçün respublikanın digər regionlarına və Bakıya getmələrinə ehtiyac olmayacaq.
Məlumat verilib ki, Tovuz Hemodializ Mərkəzində iki növbədə təqribən 160 xəstə dializ olunacaq.
Mərkəzlə tanışlıqdan sonra Azərbaycan prezidenti tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.