Göyçay. Elvin Yaqubov - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Göyçay şəhərində yerləşən regional bölməsinin inzibati binasının açılışı olub. APA-nın məlumatına görə, açılış mərasimində TQDK sədri Məleykə Abbaszadə, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Binanın istifadəyə verilməsini bildirən rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar orada yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, binada bölmənin fəaliyyətinin səmərəli təşkili üçün müasir standartlara cavab verən şərait yaradılıb, otaqlar lazımi inventarlar, texniki, texnoloji və metodiki vasitələrlə təchiz olunub. TQDK sədri konfrans zalında tədbirdə iştirak edən Göyçay və ətraf rayonların pedaqoji ictimaiyyətinin nümayəndələri ilə görüşüb. M. Abbaszadə 2012-ci ildə komissiyanın 3 yeni regional bölməsinin yaradıldığını, bununla da TQDK-nın regional bölmələrinin sayının 8-ə çatdığını bildirib.
M. Abbaszadə cari ildə bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının həmin regional bölmələrin yerləşdiyi şəhərlərdə, o cümlədən Göyçayda keçiriləcəyi qeyd edib. Bununla da regionlarda yaşayan abituriyentlər daha yaxın mərkəzlərdə imtahan verməklə maddi resurslarına, vaxtlarına və enerjilərinə qənaət edəcəklər. TQDK-nın sədri psixoloji baxımdan da bunun əhəmiyyətli olduğunu vurğulayıb. Komissiya sədri bu zonada yaşayan və fəaliyyət göstərən müəllimlərin, ekspertlərin, ümumilikdə pedaqoji ictimaiyyətin qəbul imtahanlarına dair materialların hazırlanmasında, qəbul proqramlarının müzakirələrində, dərsliklərin monitorinqi və digər elmi-metodiki proseslərdə daha fəal iştirakını arzu etdiyini bildirib. Buna görə də onları regional bölmə ilə daha sıx əməkdaşlığa dəvət edib. Komissiya tərəfindən təşkil edilən elmi-metodiki seminarların paralel olaraq regional bölmələrdə də aparıldığını və komissiyanın mərkəzi binası ilə videobağlantı əsasında müzakirələr təşkil olunduğu vurğulanıb. Bu prosesdə də region müəllimlərinin iştirakının vacib olduğu qeyd olunub.
Tədbirdə TQDK sədri görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.