Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 14-dən orta ümumtəhsil məktəblərinin V sinifləri üzrə Azərbaycan dili dərsliyinin elmi-metodiki monitorinqinə başlayacaq.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu barədə Komissiyada bu gün keçirilən Azərbaycan dili və ədəbiyyat fənləri üzrə dərslik və dərs vəsaitlərinin (V sinif) elmi-metodiki monitorinqi ilə bağlı elmi-metodiki seminarda bildirilib.
Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə yanaşı, TQDK-nın Naxçıvan, Gəncə, Şəki və Quba regional bölmələrindən videobağlantı əsasında həmin bölgələrin ümumtəhsil məktəblərinin müəllimləri də iştirak edib.
İclasda Azərbaycan dili fənni üzrə ümumtəhsilin fənn standartları diqqətə çatdırılıb, dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi ilə bağlı işçi qrupu yaradılıb.