Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş yeni proqram sistemlərinin ilkin təqdimatı keçirilib və müvafiq mövzular ətrafında müzakirələr aparılıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “Yazı işlərinin yoxlanması sistemi”nin müəllifi, İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin əməkdaşı İlqar Mahmudov bildirib ki, gələcəkdə internet vasitəsilə istifadəsi nəzərdə tutulan həmin proqram müxtəlif məzmunlu imtahanlarda namizədlərin yazı işlərini yoxlayan ekspertlərə (markerlərə) bu işi daha səmərəli və anonim şəkildə həyata keçirməyə imkan yaradacaq. Bu sistem vasitəsilə ucqar bölgələrdə yaşayan, eləcə də ev şəraitində çalışmaq istəyən müəllimlərin də marker kimi fəaliyyətinə imkan yaradılacaq.
“Nəzarətçilərin elektron qeydiyyat sistemi”nin müəllifi, informasiyalaşdırma və texnoloji təminat şöbəsinin əməkdaşı Elməddin Muxtarzadə nəzarətçilər bazasının idarə edilməsini və məlumatların operativ yenilənməsinə imkan yaradacaq bu proqram təminatı, onun ayrı-ayrı komponentləri barədə ətraflı məlumat verib.
Qeyd edək ki, yaxın gələcəkdə nəzarətçi-müəllimlərə dair məlumat bazalarında kağız daşıyıcıların tamamilə ləğvi nəzərdə tutulur ki, bu sistem həmin məqsədin reallaşmasına xidmət edir.