APA-nın yerli müxbirinin məlumatına görə, yüksək ixtisaslı tibb mütəxəssisləri Mərkəzi Rayon Xəstəxanasında əsəb və ürək xəstəliklərindən əziyyət çəkən sakinləri müayinə ediblər.
Səhər saatlarından başlayaraq indiyə qədər artıq 200-ə qədər xəstə müayinə edilib. 10 nəfərin yerli xəstəxanada, 8 nəfərin isə Bakı şəhərində müalicəsinin davam etdirilməsi məsləhət bilinib.
“Səhiyyə aylığı” çərçivəsində Zərdab Rayon Mərkəzi Xəstəxanasında tərkibi terapevt, pediatr və ginekoloq həkimlərdən ibarət 3 səyyar briqadalar yaradılıb. Dekabr ayının birinci yarısında tibb işçiləri rayon mərkəzində, Əlvənd, Şahhüseynli, Şəftəhal kəndlərində, məcburi köçkünlərin məskunlaşdığı Peşə Liseyində 2000-ə yaxın xəstəni müayinə ediblər. Ümumiyyətlə, əhaliyə daha keyfiyyətli tibbi xidmət göstərmək məqsədilə Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı altında Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Göz Xəstəlikləri və Hematologiya İnstitutlarının səyyar həkim briqadaları Zərdabda bir neçə dəfə humanitar aksiyalar keçiriblər.