Zəfərin beşinci ildönümü münasibətilə Baş Prokurorluq tərəfindən Zəngilan Konqres Mərkəzində “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfrans təşkil olunub.
APA-nın Qarabağ bürosu xəbər verir ki, iştirakçılar Ulu Öndər Heydər Əliyevin Zəngilan rayonunun Ağalı kəndində ucaldılmış büstünü və Zəngilan şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər.
Konfransdan əvvəl Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış mübarizələrdə şəhid olan əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Baş prokuror Kamran Əliyev tədbiri giriş sözü ilə açaraq Zəfərin beşinci ildönümünün dərin mənəvi və tarixi əhəmiyyətindən danışıb.
Baş prokuror çıxışında işğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin təşkili, hüquqi sistemin bərpası və qanunçuluğun təmin olunması istiqamətində görülən işlərdən danışıb, bu sahədə qarşıda duran prioritet vəzifələri diqqətə çatdırıb.
Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev çıxışında dövlət başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını, qısa müddətdə müasir infrastrukturun qurulduğunu qeyd edib. O, Zəngilan rayonunda keçirilən bu kimi tədbirlərin dövlətçiliyimizin möhkəmlənməsinə və Zəfərin ideoloji dəyərinin gənc nəslə ötürülməsinə xidmət etdiyini vurğulayıb.
Azərbaycan Respublikasının Hərbi prokuroru, Baş prokurorun müavini Bəhruz Əhmədov Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə hərbi prokurorluq orqanlarının həyata keçirdiyi hüquqi nəzarət tədbirlərindən danışıb, dövlətin müdafiə qabiliyyətinin və hərbi intizamın qorunmasında prokurorluğun mühüm rolunu qeyd edib.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi Azər İbrahimov hərbi sahədə şəffaflıq və qanunçuluğun təmin edilməsi istiqamətində görülən tədbirləri, həmçinin Baş Prokurorluqla əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Qubadlı Əlahiddə Sərhəd Diviziyasının komandiri Azad Abdullayev sərhəd təhlükəsizliyinin təminində əldə olunan uğurları, azad edilmiş sərhəd bölgələrində yaradılan yeni infrastruktur və xidmət şəraitini iştirakçılara təqdim edib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında Azərbaycan Zəfərinin həm siyasi, həm mənəvi, həm də hüquqi qələbə olduğunu vurğulayıb və ölkəmizin regionda sülhün və sabitliyin təminatçısına çevrildiyini qeyd edib.
Zəngilan rayon prokuroru Qibləli Kərimov isə rayonun azad edilməsindən sonra prokurorluq orqanlarının fəaliyyətinin təşkili, hüquq-mühafizə strukturları ilə koordinasiya və qanunçuluğun təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib.
Konfrans çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli tərəfindən “Qarabağ Azərbaycandır!” kitabının II cildinin təqdimatı keçirilib.
Təqdimatda iştirakçılara məlumat verilib ki, kitabın yeni nəşri Vətən müharibəsi dövründə və sonrakı bərpa mərhələsində hüquq-mühafizə orqanlarının fəaliyyətini, ədalətin bərpası istiqamətində görülmüş işləri və beynəlxalq hüququn tətbiqi məsələlərini əhatəli şəkildə təqdim edir.
Konfrans çərçivəsində Zəfərin beşinci ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib, müzakirələr aparılıb.
Xatirə fotoşəkli çəkildikdən sonra işğaldan azad edilmiş bölgələrin yenidən qurulması, yaşıl bərpa və davamlı inkişaf istiqamətində həyata keçirilən layihələrə dəstək məqsədilə Zəngilan şəhərində ağacəkmə aksiyası keçirilib.
Aksiya çərçivəsində hər ağacın torpağa əkilməsi Azərbaycanın milli birliyi, müstəqilliyi və tarixi Zəfərin simvolu kimi qiymətləndirilib, həm rəmzi, həm də ekoloji əhəmiyyət daşıyıb.
***
09.47
Zəfərin beşinci ildönümü münasibətilə Baş Prokurorluq tərəfindən Zəngilan Konqres Mərkəzində “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfrans keçirilir.
APA-nın Qarabağ bürosu xəbər verir ki, konfransda Baş prokuror Kamran Əliyev, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Azərbaycanın hərbi prokuroru Bəhruz Əhmədov, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi, general-mayor Azər İbrahimov, Milli Məclisin deputatları, QHT rəhbərləri, Vəkillər Kollegiyasının üzvləri və digər ictimaiyyət nümayəndələri iştirak edir.
İştirakçılar tədbirdən əvvəl Ağalı kəndində olan Heydər Əliyevin büstünü və Zəngilan şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər.