Azərbaycanda "Oftalmoloji yardım haqqında" qanun layihəsi hazırlanır

Azərbaycanda "Oftalmoloji yardım haqqında" qanun layihəsi hazırlanır
# 14 dekabr 2015 14:25 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda "Oftalmoloji yardım haqqında" yeni qanun layihəsi hazırlanır. APA-nın məlumatına görə, layihənin ilkin variantı bu gün Milli Məclisin Səhiyyə komitəsində müzakirəyə çıxarılıb.

İclasda bildirilib ki, layihə əvvəlcə “Optika haqqında” qanun layihəsi adlansa da, daha geniş sferanı əhatə etmək üçün adı dəyişdirilərək "Oftalmoloji yardım haqqında" adlanıb.

Komitə sədri Əhliman Əmiraslanov bildirib ki, belə bir qanuna ölkədə böyük ehtiyac var. Azərbaycan Optikçilər Assosiasiyasının rəhbəri Rüfət Musayev də bildirib ki, bu gün Azərbaycanın optika bazarında vəziyyət ürəkaçan deyil: “Bazarda standartlara uyğun gəlməyən, sertifatlaşdırmadan keçməyən çoxlu optika mağazaları var. Onların böyük əksəriyyətində çalışanların da optika, eynəklər barədə məlumatları, təsəvvürləri yoxdur. Ona görə də bu bazarı tənzimləmək üçün belə bir qanunun qəbuluna ehtiyac var. Məlumat üçün onu da deyim ki, cəmi bir neçə il bundan öncə Türkiyədə belə bir qanun qəbul olunub və bu sahədə böyük uğur əldə edilib".

Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov belə bir qanunun qəbul olunması ilə bağlı təklifləri dəstəkləyib. O, deyib ki, Mərkəz tərəfindən bir ay ərzində təxminən 1200 insana optik kolleksiya təqdim olunur, bir il ərzində isə təxminən 14-15 min pasiyent onlarda qeydiyyatdan keçir.

Daha sonra layihənin MM-in növbəti sessiyasında müzakirəyə çıxarılması barədə qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR