Gənc alimlər sosial statuslarının qanunverici əsaslarının müəyyən edilməsini istəyirlər

Gənc alimlər sosial statuslarının qanunverici əsaslarının müəyyən edilməsini istəyirlər
# 19 fevral 2016 13:36 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislərin Şurasının (GAMŞ) 2015-ci il üzrə yekun hesabat konfransı keçirilib.

APA-nın məlumatına görə, yığıncaqda GAMŞ sədri Famil Salmanov hesabat məruzəsini təqdim edib. F. Salmanov deyib ki, gənc nəslin elmə marağının təmin olunması məqsədilə orta məktəblərlə elmi guşələrin yaradılmasına başlanıb. Eyni zamanda GAMŞ tərəfindən AMEA institutlarında şagirdlər üçün “Açıq qapı” günləri, orta məktəblərdə bilik olimpiadaları, “Gələcəyin tədqiqatçıları” müsabiqəsi təşkil olunub. GAMŞ gənc alimlərin iştirakı ilə də müxtəlif tədbirlər, müsabiqələr keçirib, “gencalimler.az” portalı yaradılıb, “Gənc tədqiqatçılar” jurnalı işıq üzü görüb. Ümumiyyətlə, 2015-ci il üzrə illik fəaliyyət planında nəzərdə tutulan bütün işlər həyata keçirilib.

AMEA prezidenti Akif Əlizadə GAMŞ-ın hesabat ilində fəaliyyətini müsbət qiymətləndirib: “Fəaliyyət daha çox olmalıdır. Bizim əsas məqsədimiz elmi kadr təminatı, Azərbaycan elminin dünya elminə inteqrasiyasıdır. Elmi kadrlara hər gün xüsusi diqqət yetirmək lazımdır. Bu halda AMEA-nı təmsil edən alimlər yetişdirə bilərik”.

A. Əlizadə gələcəkdə GAMŞ yığıncağının təbiət qoynunda, AMEA Mərdəkan Dendrarisində keçirilməsini təklif edib.

Sonda GAMŞ qərar qəbul edib. Qərara əsasən 2015-ci il üzrə hesabat bəyənilib. 2016-cı il üzrə illik fəaliyyət planı hazırlanaraq müvafiq qaydada təsdiqlənəcək. Eyni zamanda, GAMŞ İdarə Heyətinə tapşırılıb ki, konfransda səslənən aşağıdakı təklif və tövsiyələri gələcək fəaliyyətində nəzərə alsın:

- AMEA-nın gənc alim və mütəxəssislərinin beynəlxalq elmi əlaqələrin inkişafı sahəsindəki fəaliyyəti daha da inkişaf etdirilsin;

- AMEA-nın gənc alimlərinin nüfuzlu beynəlxalq konfranslarda daha intensiv iştirakının təmin edilməsindən irəli gələn tədbirlər həyata keçirilsin;

- AMEA-da həyata keçirilən islahatlar kontekstində gənc alimlərin sosial statusunun yüksəldilməsi, bu statusun qanunverici əsaslarının müəyyən edilməsi, elmin populyarlaşdırılması, paytaxtda və regionlarda yaşayan gənc alimlər arasında sıx əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və digər istiqamətlərdə həyata keçirilən tədbirlər daha da inkişaf etdirilsin;

- Ölkədə gənclərin sosial müdafiəsini yaxşılaşdırmaq və elmi tutumlu ideyaların həyata keçirilməsi məqsədi ilə yaradılmış qrant mühitindən daha səmərəli istifadə edilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilsin.

Bununla da hesabat konfransı başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR