Maliyyə naziri: "Böhrandan çıxmaq üçün bir sıra addımlar atılır"

Maliyyə naziri: "Böhrandan çıxmaq üçün bir sıra addımlar atılır"
# 01 fevral 2016 11:42 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. "Azərbaycanda iqtisadi böhranın bu həddə çatması ölkə daxilində deyil, xaricidə formalaşan proseslərin nəticəsidir".

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu barədə maliyyə naziri Samir Şərifov Gəncə ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan xam neft ixrac edən ölkədir və son vaxtlar dünya bazarında bu məhsulun qiymətinin düşməsi başqa neft ölkələri kimi, Azərbaycan iqtisadiyyatına da mənfi təsir edib: "Buna baxmayaraq, prezident İlham Əliyev vətəndaşların bu böhran zamanı az əziyyət çəkmələri üçün mühüm fərman və sərəncamlar imzalayıb, həmçinin, sosial müavinətlərin məbləği artırılıb. Bu artım 3 milyon 700 min nəfərin yaşayışına müsbət təsir edəcək. Böhrandan çıxmaq üçün bir sıra addımlar atılır. Onların sırasında iqtisadiyyatı maksimum dərəcədə idxaldan azaltmaq, sahibkarlığın inkişafı və sair məsələlərdir. Regionların inkişafı ilə bağlı məsələlər nəzərə alınmaqla mövcud vəziyyət dərindən təhlil edilib, yeni vəzifələr müəyyənləşdirilib. Bu vəzifələr əsasən dinamik iqtisadi inkişafın təmin edilməsi, iqtisadiyyatın qeyri-neft sektorunda, istehsalda geriləməyə yol verilməməsi, bank-maliyyə sektorunun sağlamlaşdırılması, maliyyə bazarında tarazlığın yaranması və əhalinin milli valyutaya etimadının bərpa edilməsi, dövlət orqanlarında struktur islahatlarının aparılması, süni qiymət artımının qarşısının alınması istiqamətində çevik tədbirlərin həyata keçirilməsi, sosial təminat sahəsində məqsədyönlü işlərin görülməsindən ibarətdir".

S. Şərifov vurğulayıb ki, Gəncənin tekstil sənayesinin inkişaf etdiriləsi, aqrar maşınqayırma müəssisələrinin yaradılması, şəhərdə iri sənaye müəssisələrinin, o cümlədən alüminium sənayesinin daha da inkişaf etdirilməsi, onun zənginləşdirilməsi isə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı üçün qarşıya qoyulan əsas vəzifələrdnəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR