YUĞ Teatrı "Oyuncaq ev" tamaşasının premyerasını təqdim edəcək

YUĞ Teatrı "Oyuncaq ev" tamaşasının premyerasını təqdim edəcək
# 18 may 2016 15:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. YUĞ Dövlət Teatrı İngiltərənin ALOFF Teatrı ilə birgə Norveç yazıçısı Henrik İbsenin pyesi əsasında “Oyuncaq ev” tamaşasını hazırlayıb.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Metyu Zak Paneş, rəssamı Olqa Yaroş, prodüseri Sənan Əliyevdir.

Edinburq Festivalının İdarə heyətinin üzvü olan M. Zak Paneş rejissor, aktyor, yazıçı kimi fəaliyyət göstərir. O, həmçinin PBH Free Fringe festivalının bədii rəhbəridir.

İbsenin məşhur əsəri Azərbaycana adaptasiya olunub. Adaptasiyanın və yeni səhnə redaksiyasının müəllifi Nik Audedir. N. Aude pyesdə baş verən hadisələri XIX əsrin Norveçindən Bakıya - yeni qurulmuş Azərbaycan Sovet Sosialist Respublikasının paytaxtına köçürüb. Tamaşada baş verən hadisələr dünyanın ilk neft bumu mərkəzlərindən biri olmuş şəhər üçün əlamətdar dəyişikliklər ili olan 1927-ci ildə Bakıda cərəyan edir. Pyesi Azərbaycan dilinə Aloff Teatrının direktoru Sənan Əliyev çevirib.

“Oyuncaq evi” tamaşasında Yuğ Dövlət Teatrının aktyorları Natəvan Qeybani, Oktay Mehtiyev, Amid Qasımov, Elgün Həmidov və Könül Cəfərzadə çıxış edirlər. Tamaşanın premyerası mayın 20-də YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR