Allahşükür Paşazadə Qaraçay-Çərkəz Respublikası Müsəlmanlarının qurultayında çıxış edib

Allahşükür Paşazadə Qaraçay-Çərkəz Respublikası Müsəlmanlarının qurultayında çıxış edib
# 16 mart 2016 10:10 (UTC +04:00)

Bakı-APA. Martın 15-də Çerkessk şəhərində Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikası Müsəlmanlarının IX hesabat-seçki qurultayı keçirilib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurultayın işində respublikanın bütün şəhər və kəndlərindən seçilən nümayəndələr, eləcə də Rusiya Federasiyasının Şimali Qafqaz Federal dairəsinin subyektlərinin ruhani idarələrini təmsil edən qonaqlar iştirak ediblər.

QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də dəvətli qonaqlar arasında olub. Nümayəndə heyətində QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev, idarənin əməkdaşları təmsil olunub. İranın Ali Dini rəhbəri Ayətullah Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Höccətül-İslam Seyid Əli Əkbər Ocaq Nejat isə qurultayın fəxri qonağı kimi tədbirdə iştirak edib.

Şimali Qafqaz Xalqlarının Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz Respublikasının Müftisi İsmayıl Berdiyev ruhani idarəsinin ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat verib. Müfti bildirib ki, Qaraçay-Çərkəzdə 130 məscid fəaliyyət göstərir, bu ibadət ocaqlarının işinə 118 imam cavabdehdir. Onlardan 30 nəfəri Əbu Hənifə adına İslam İnstitutunun məzunudur. “Həqiqi İslamın təbliğ edildiyi məscidlərin tikintisi mənəvi və əxlaqi dəyərlərin möhkəmlənməsinə, dini maarifçiliyin genişləndirilməsinə, nəticədə isə terror və ekstremizmin kökünün kəsilməsinə xidmət edir”-deyə İ.Berdiyev qeyd edib. Nümayəndələr sədrin hesabatını qəbul ediblər. Qurultaydakı müzakirələrdən sonra açıq səsvermə yolu ilə İsmayıl Berdiyev yenidən Qaraçay-Çərkəz Respublikası Müsəlmanlarının Ruhani İdarəsinin sədri və Müftisi seçilib.

Tədbirdə çıxış edən Şeyxülislam Allahşükür Paşazadə də sədrin fəaliyyətini müsbət qiymətləndirib: “İsmayıl Berdiyev Qafqaz xalqlarının birliyi, çoxmillətli cəmiyyətdə mənəviyyat və qarşılıqlı anlaşmanın möhkəmlənməsi naminə illərlə göstərdiyi fəaliyyəti ilə özünün təcrübəli və müdrik din xadimi olduğunu təsdiq edib”.

QMİ sədri bildirib ki, bu ərazilərdə yaşayan müsəlmanları müqəddəs din birləşdirir.

Şeyxülislam həzrətləri həmçinin, Azərbaycanda öz bəhrəsini verən dinlərarası əməkdaşlığın unikal təcrübəsi barədə də tədbir iştirakçılarına geniş məlumat verib:

Qurultayın sonunda Müfti İsmayıl Berdiyev Ruhani İdarəsinin yeni təsis olunan medalını bir neçə din xadiminə təqdim edib. Təltif edilənlər arasında İranın Ali Dini rəhbərinin Azərbaycandakı nümayəndəsi höccətül-İslam Əli Əkbər Ocaq Nejat da var.

Qurultay Rusiya müsəlmanlarına və ölkə prezidenti Vladimir Putinə müraciət qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR