Gürcüstanda “Avropa İrs Günləri” keçirilir

Gürcüstanda “Avropa İrs Günləri” keçirilir
# 17 sentyabr 2016 19:17 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanda sentyabrın 16-dan 18-dək Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin dəstəyi ilə “Avropa İrs Günləri” layihəsi çərçivəsində tədbirlər başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir çərçivəsində ölkənin bütün muzeylərində pulsuz sərgilər, vorkşoplar və müxtəlif mədəni-kütləvi tədbirlər keçirilməyə başlanılıb. “Avropa İrs Günləri”nin llk tədbiri Niko Berdzenişvili adına Kutaisi Dövlət Tarixi Muzeyində açılan “Muzey və mədəniyyət strategiyası” adlı beynəlxalq elmi konfrans olub. Sonra Tiflis şəhərində müxtəlif muzeylərdə xalq tətbiqi sənəti, kino və xoreoqrafiya, musiqi, rəssamlıq sənətinə və incəsənətə həsr olunan seminarlar, ustad dərsləri və müxtəlif tədbirlər başlayıb.

Bu gün “Avropa irs günləri” çərçivəsində Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində açıq qapı günləri başlayıb. Tədbir Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin dəstəyi və muzeyin təşkilatçılığı ilə keçirilir. Tədbirdə Azərbaycan xalçaçılıq sənəti nümunələri və əl işləri, miniatür rəsmlər, Azərbaycanın kino artistlərinin fotolarının sərgisi də təşkil olunub. Muzeydə üç gün ərzində “Avropa - bizim evimizdir” adlı mədəni-maarif tədbirlər proqramı və "Avropa, texnologiya, toxuculuq" sərgisi keçirilməyi planlaşdırılıb. Muzeydə mədəni-maarif tədbirləri çərçivəsində gənc rəssamların çəkdikləri rəsm əsərlərinin sərgisi keçirilir. Muzey rəhbərliyi “Avropa İrs Günləri” tədbirinin ilk günündə fərqlənən Tiflisdəki 73 nömrəli Azərbaycan orta məktəbin gənc rəssamlarını diplomlarla təltif edib.

Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində “Avropa İrs Günləri” tədbirində Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin muzeylər şöbəsinin müdiri Maka Burçuladze və şöbə əməkdaşı Salome Çiçinadze iştirak edib.

Gürcüstanda “Avropa irs günləri”nə həsr olunan tədbirlər sentyabrın 18-də başa çatacaq.

Qeyd edək ki, "Avropa İrs Günləri" layihəsi Avropa Komissiyası və Avropa Şurasının birgə təşəbbüsü ilə 1985-ci ildə yaradılmış, 1999-cu ildən Avropa Mədəniyyət Konvensiyasına qoşulub və dünyanın 50 ölkəsində həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR