Kamal Abdulla: “Heydər məscidi ictimai-mədəni mərkəz kimi də əhəmiyyət qazanır”

Kamal Abdulla: “Heydər məscidi ictimai-mədəni mərkəz kimi də əhəmiyyət qazanır”
# 29 yanvar 2016 15:27 (UTC +04:00)

Bakı - APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kollegiyasının (DQİDK) ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan genişləndirilmiş iclası keçirilib.

APA-nın məlumatına görə, komitə sədri Mübariz Qurbanlı hesabat məruzəsində bildirib ki, yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev 2016-cı ili ölkədə “Multikulturalizm ili” elan edib. O, “Multikulturalizm ili” çərçivəsində dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq görüləcək işlərdən danışıb. Komitə sədri nəzərə çatdırıb ki, keçən il ölkənin bütün bölgələrini əhatə edən 87 dini icmaya maliyyə vəsaiti ayrılıb, həmin dini icmaların layihələri çərçivəsində keçirilən 300-ə qədər tədbirlərdə 10 mindən artıq insanın iştirakı təmin olunub. M. Qurbanlı radikalizmlə mübarizə, dövlət-din münasibətləri, tolerantlıq, İslam maarifçiliyi və işğal altında qalmış dini abidələrlə bağlı tanınmış ilahiyyatçı alimlərin müəllifi olduğu kitablar, eləcə də ölkənin tolerantlıq ənənələri, multikultural dəyərləri barədə buraxılan nəşrlər haqqında da məlumat verib.

Yığıncaqda Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev muxtar respublikadakı dini durum, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği sahəsində görülmüş işlər barədə məlumat verib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev ölkədəki dini vəziyyət, dini maarifləndirmə işləri barədə danışıb. Dövlət müşaviri “Multikulturalizm ili” çərçivəsində bir sıra tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb. Bu sahədə daha böyük uğurlara nail olmaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında əlaqələrin daha gücləndirilməsinin, birgə tədbirlər həyata keçirilməsinin önəmini vurğulayıb. K. Abdullayev multikultural dəyərlərin təbliğində və inkişafında Heydər məscidi kompleksinin rolunu vurğulayıb. O bildirib ki, məscid getdikcə yalnız dini deyil, ictimai-mədəni mərkəz kimi də əhəmiyyət qazanır. Ölkədə tolerantlıq mühitini daha da genişləndirmək üçün məsciddə müxtəlif kursların, kitab sərgilərinin keçirilməsi, bölgələrimizdə din xadimlərinin görüşlərinin təşkil olunması nəzərdə tutulur.

İclasda ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib. Dövlət Komitəsinin hesabat dövründə gördüyü işlər qənaətbəxş hesab edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR