“Elm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb

“Elm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb
# 27 yanvar 2016 11:15 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

APA-nın məlumatına görə, komitə sədri İsa Həbibbəylinin rəhbərliyi ilə keçirilən iclasda “Elm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

İ. Həbibbəyli deyib ki, birinci oxunuşla müqayisədə qanun layihəsində xeyli yenilikləri var. O bildirib ki, ikinci oxunuşda elmi fəaliyyətdə bir sıra məhdudiyyətlər aradan qaldırılıb: “Komitəmizin hüquqşunas üzvü Elşad Həsənovun, o cümlədən deputat Şəmsəddin Hacıyevin müəllifliyi ilə bir sıra maddələr, bəndlər əlavə edilib. Qanun layihəsinin yeni variantında dövlətin təhlükəsizliyini təmin edən sahələr üzrə məhdudiyyət saxlanılmaqla, elmi fəaliyyətlə məşğul olmağa görə qoyulan məhdudiyyətlər aradan götürülüb”.

Komitə sədri hesab edib ki, bu gün elmi fəaliyyətin məhdudlaşdırılmasına ehtiyac yoxdur. O qeyd edib ki, digər yenilik Azərbaycan qanunvericliiynə yeni - “elmi rütbələr” anlayışı daxil edilməsidir ki, bu yeni qanunda əks olunub: "Qanunvericlikdə elmi adlar, elmi dərəcələr olsa da, elmi rütbələr anlayışı yoxdur. Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri var. Bu, onların elmi rütbələri hesab olunur. Buna görə də “Elm haqqında” qanun layihəsinə elmi rütbələr anlayışı da daxil edilib”.

İ. Həbibbəylinin sözlərinə görə, layihədə tədqiqat universitetlərinin yaradılması ideyası da dəstəklənib və büdcə imkan verdiyi zaman belə universitetlərin yaradılması həyata keçiriləcək. Komitə sədri hesab edir ki, ehtiyac olduğu təqdirdə Təhsil Nazirliyi özü də elmi tədqiqat müəssisələri açmaq hüququna malik olmalıdır. O bildirib ki, layihəyə elmi fəaliyyət üçün olduqca zəruri olan sahənin - elmi ekspedisiyaların təşkilinin tənzimlənməsi ilə bağlı maddənin əlavə edilməsi zəruri sayılıb. İ. Həbibbəylinin fikrincə, AMEA və elmi müəssisələr üçün elmi məqsədlərlə əlaqədar gətirilən, Azərbaycanda istehsal olunmayan zəruri avadanlıqlara görə vergi güzəştləri olmalı və ya bu vergilər tamamilə ləğv edilməlidir. O, fikrini həmin avadanlıqların gətirilməsinin elmi məqsədlərlə bağlı olması, onlardan birbaşa mənfəətin əldə edilməməsi ilə izah edib.

İ. Həbibbəyli qeyd edib ki, layihəyə görə, dövlət elm və elmi-texniki fəaliyyət sahəsinə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin yaradılmasını təmin edir və bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyən olunmuş qaydada güzəştlər verir.

Qanun layihəsi müzakirələrdən sonra ikinci oxunuşda Milli Məclisinin yaz sessiyasının gündəliyinə daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR