Nəqliyyat Nazirliyinin üç şəhərdə avtobuslar üçün marşrut pasportu hazırlamaq səlahiyyəti ləğv olunub

Nəqliyyat Nazirliyinin üç şəhərdə avtobuslar üçün marşrut pasportu hazırlamaq səlahiyyəti ləğv olunub
# 02 may 2016 23:38 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nəqliyyat Nazirliyinin Bakı, Sumqayıt və Gəncə şəhərlərində sərnişin avtonəqliyyat vasitələri üçün marşrut pasportu hazırlamaq səlahiyyəti ləğv olunub.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

İndiyə qədər müntəzəm marşrutlarda işləyən sərnişin avtonəqliyyat vasitələrinin həmin marşrutlar üzrə hərəkət cədvəlləri Nəqliyyat Nazirliyi tərəfindən mütəmadi monitorinq edilib və digər nəqliyyat növləri, həmçinin təkrarlanan marşrutlar üzrə hərəkət cədvəlləri ilə əlaqələndirilərək tənzimlənib. Dəyişikliyə əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərində nazirliyin bu sahədə səlahiyyəti ləğv olunub.

Digər dəyişiklik avtobusların salonlarında turniketlər quraşdırılması ilə bağlıdır. Sərnişinlər tərəfindən gediş haqqının ödənilməsi və ya ödənilmiş gediş haqqının təsdiq olunması üçün daşıyıcı şəhərdaxili (rayondaxili) müntəzəm marşrutlar üzrə işləyən avtobusların salonunda elektron turniketlər quraşdıra bilər. Qaydaya əsasən elektron turniketlərdən istifadə olunması qaydaları Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilməli idi. Dəyişikliyə əsasən isə bu səlahiyyət artıq Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumlara, Azərbaycana digər ərazilərində isə Nəqliyyat Nazirliyinə məxsusdur.

İndiyə qədər Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu avtomobil nəqliyyatı ilə müntəzəm marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqaviləyə müəyyən hallarda xitam verməklə, müntəzəm marşrut üzrə sərnişin daşınmasının yerinə yetirilməsini dayandıra bilərdi. Dəyişikliyə əsasən Nəqliyyat Nazirliyinin Bakı, Sumqayıt və Gəncə şəhərlərində bu sahədə səlahiyyəti ləğv olunub. Digər dəyişiklik sərnişin və baqaj (əl yükünün) daşımalarına nəzarətlə bağlıdır. İndiyə qədər avtomobil nəqliyyatı ilə sərnişin və baqaj (əl yükünün) daşımalarının yerinə yetirilməsinə, o cümlədən bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyinin və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət edilməsinə nəzarət Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi səlahiyyətləri çərçivəsində tərəfindən həyata keçirilib. Dəyişikliyə əsasən artıq bu sahədə Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumlar, Azərbaycan Respublikasının digər ərazilərində Nəqliyyat Nazirliyi Daxili İşlər Nazirliyi tərəfindən səlahiyyətləri çərçivəsində həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR