ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Dövlət Gömrük Komitəsində olub

ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Dövlət Gömrük Komitəsində olub
# 30 mart 2016 16:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Dövlət Gömrük Komitəsində Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin Ankara ofisinin əməkdaşları ilə görüş keçirilib.

DGK Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsinin rəisi Baba Salayev, ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin Ankara ofisinin əməkdaşları Adnan Mert, Co Lenseyn və Klement İze iştirak edib.

Görüşdə bu ilin mart ayında Azərbaycan gömrük xidmətinin həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində İrandan Azərbaycandan tranzit yolla keçməklə Ukraynaya aparılan 486 kq 698,88 qram heroinin aşkar edilməsi ilə bağlı qonaqlara məlumat verilmiş, eləcə də qarşılıqlı əməkdaşlığın istiqamətləri, aşkar edilən narkotrafik marşrutları, Bakı-Tbilisi-Qars dəmiryolunun və Ələt qəsəbəsində tikintisi davam etdirilən Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının gələcəkdə istismara verilməsi ilə əlaqədar gömrük hüquqpozmalarına qarşı mübarizənin daha effektiv təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Sonda tərəflər əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səylərin artırılmasının vacibliyini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR