"Holcim (Azərbaycan)" ötən ili 100 mln. manata yaxın zərərlə başa vurub

"Holcim (Azərbaycan)" ötən ili 100 mln. manata yaxın zərərlə başa vurub
# 18 aprel 2016 08:27 (UTC +04:00)

Bakı - APA-Economics. 2015-ci ildə "Holcim (Azərbaycan)" ASC-nin aktivləri 2014-cü il ilə müqayisədə 8,17% azalaraq 362,947 mln. manata çatıb.

"APA-Economics" xəbər verir ki, sement istehsalçısının cari aktivləri artsa da, uzunmüddətli aktivlərində azalma müşahidə olunur. Belə ki, hesabat dövründə şirkətin cari aktivləri 34,607 mln. manatdan 43,322 mln. manatadək yüksəlsə də, uzunmüddətli aktivləri 360,295 mln. manatdan 319,625 mln. manata enib.

Uzunmüddətli aktivlərin strukturunda əsas pay sahibi əmlak, qurğu və avadanlıqlar tutur. Cari ilin əvvəlinə 301,771 mln. manatlıq əmlak, qurğu və avadanlığı var. Halbuki, 1 il əvvəl bu rəqəm 348,439 mln. manata yaxın idi.

Cari aktivlərin strukturuna gəlincə, şirkətin ticarət və digər debitor borcları kəskin artıb. Belə ki, 2015-ci ilin əvvəlinə bu rəqəm 14,339 mln. manat idisə, 2015-cı ilin sonuna 21,281 mln. manata çatıb. Bundan başqa, şirkətin vergilər üzrə debitor borcları 12 dəfə artıb - 410,241 min manatdan 4 mln. 894,116 min manatadək.

Hesabat dövründə sement istehsalçısının uzunmüddətli öhdəlikləri 85,77% artaraq 171 mln. 942,039 min manata çatıb. Uzunmüddətli öhdəliklərlə yanaşı, cari öhdəliklər də artıb. Belə ki, cari ilin əvvəlinə şirkətin cari öhdəlikləri 12,76% artaraq 42 mln. 828,199 min manat təşkil edib.

Uzunmüddətli öhdəliklərin strukturuna nəzər saldıqda məlum olur ki, burada əsas pay sahibi əlaqəli tərəfə ödəniləcək kreditlər tutur. Bu göstərici il ərzində 2,4 dəfə artaraq 167 mln. 496,889 min manata çatıb.

Şirkətin nizamnamə kapitalı 2015-ci il ərzində dəyişməyib - 31 mln. 812,880 min manat. Lakin məcmu kapitalı 44,54% azalaraq 148 mln. 176,937 min manat təşkil edib.

Şirkət ötən ili 99 mln. 138,957 min manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR