Azərbaycan prezidenti Moldovanın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan prezidenti Moldovanın yeni səfirinin etimadnaməsini qəbul edib
# 12 mart 2016 11:25 (UTC +04:00)

Bakı - APA. Prezident İlham Əliyev Moldovanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri George Leukanın etimadnaməsini qəbul edib.

APA-nın məlumatına görə, etimadnamə G. Leuka tərəfindən dövlət başçısına təqdim olunub.

Sonra prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycanla Moldova arasında ikitərəfli münasibətlərin uzun illər ərzində müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq bu münasibətlərin möhkəmləndirilməsi işində səfirin fəal çalışacağına ümidvar olduğunu bildirib.

Azərbaycan-Moldova əməkdaşlığının, xüsusilə iqtisadi sahədə yeni istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayan prezident ölkələrimizin qarşılıqlı ticarət və investisiya potensialından kifayət qədər istifadə olunmadığını deyib. Dövlət başçısı ikitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.

Ölkələrimizin Avropa İttifaqının ümumi proqramlarında iştirak etdiyini vurğulayan prezident bu istiqamətdə əməkdaşlığın qənaətbəxş olduğunu deyib. Səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişafı işinə töhfə verəcəyinə əminliyini ifadə edən dövlət başçısı George Leukaya fəaliyyətində uğurlar arzulayıb.

Səfir George Leuka ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb. Diplomat Moldova-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR