AzMİU-da differensial əmək haqqının tətbiqinə başlanılıb

AzMİU-da differensial əmək haqqının tətbiqinə başlanılıb
# 28 yanvar 2016 08:31 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) differensial əmək haqqı sisteminin tətbiqinə başlanılıb. Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihənin hazırlanmasında bir sıra xarici ölkələrin qabaqcıl universitetlərinin professor-müəllim heyətinin fəaliyyətinin keyfiyyətcə qiymətləndirilməsinin prinsipləri əsas götürülüb.

Məlumatda bildirilib ki, layihənin əsas vəzifəsi mütəxəssislərin hazırlıq keyfiyyətini yüksəltməkdir: “Müəllimlərə differensial əmək haqqı verməklə stimullaşdırıcı mexanizmləri təkmilləşdirmək və universitetdə sağlam rəqabəti formalaşdırmaq qarşıya məqsəd qoyulub”.


Qeyd olunub ki, AzMİU-da 2015-2016-cı tədris ili üçün Daxili qiymətləndirmə layihəsi tətbiq edilib: “Qiymətləndirmə sistemində təhsil verənin il boyu pedaqoji, elmi-metodik işlərinin keyfiyyəti, beynəlxalq təhsil sisteminə inteqrasiyası, təhsildə müasir texnologiyaların tətbiqi və tələbələrin rəyi öz əksini tapıb. Müəllimin bütün fəaliyyəti konkret göstəricilərlə və onlara verilən ballarla qiymətləndirilmiş və attestasiya müəllimin reytinqini və kateqoriyasını müəyyənləşdirib. Müəllimin kateqoriya üzrə mükafatlandırılması bir tədris ili müddətində aylıq əmək haqqına edilən əlavələr ilə icra olunur. Cari tədris ili üçün Universitetin Elmi şurasının təqdimatı ilə kateqoriyaların verilməsi rektorun əmri əsasında təsdiq olunub. Universitetdə hər il Daxili qiymətləndirmə layihəsinin tətbiqi planlaşdırılır və bu layihə təhsil xidmətinin keyfiyyətinin təkmilləşməsinə əlavə təkan olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR