Qüdrət Həsənquliyev: "Bu il büdcəyə özəlləşdirmədən cəmi 100 milyon manat daxil olacaq

Qüdrət Həsənquliyev: "Bu il büdcəyə özəlləşdirmədən cəmi 100 milyon manat daxil olacaq
# 23 fevral 2016 11:34 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "İndiki çətin şərtlər altında bundan daha mükəmməl bir büdcə layihəsinin hazırlanmasını mümkünsüz sayıram. Amma düşünürəm ki, hökumətin imkanı var idi ki, özəlləşdirməni xeyli genişləndirmək şərti ilə büdcədə gəlirləri böyük dərəcədə artırsın".

"APA-Economics" xəbər verir ki, bu təkliflə Milli Məclisdə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.

Millət vəkili bildirib ki, prezident artıq bu məsələni hökumət qarşısında ciddi şəkildə qoyub: "Dəfələrlə parlamentdə bu məsələ millət vəkilləri tərəfindən hökumət qarşısında qaldırılıb. Hesablama Palatasının hazırladığı rəydən bəlli olur ki, indi büdcəyə özəlləşdirmədən cəmi 100 milyon manatlıq vəsaitin daxil olması nəzərdə tutulur. Hökumətin təqdim etdiyi layihədə bu görünmür. Büdcədə 1,6 milyard kəsir var. Bunun 100 milyon manatını özəlləşdirmə hesabına bağlanması nəzərdə tutulur. Mən dəfələrlə demişəm ki, son illər ərzində ölkədə xeyli sayda idman kompleksləri, olimpiya kompleksləri, səhiyyə obyektləri tikilib. Bir neçə ildən sonra hökumət bu obyektlərin saxlanması üçün vəsait tapmayacaq. Nə qədər ki, dağılıb getmir, nə qədər ki, dəyərini itirməyib bunları özəlləşdirmək lazımdır. Bilirsiniz ki, xüsusilə tibb sahəsində müayinə cihazları az qala hər ay təkmilləşir. Gələcəkdə onları yeni avadanlıqlarla, cihazlarla təmin etmək üçün vəsaitlər tələb olunacaq. Ona görə, bu obyektləri özəlləşdirmək lazımdır. İcbari tibbi sığorta tətbiq edilməlidir və əhalinin yoxsul təbəqəsi də dövlət hesabına sığorta olunmalıdır. Universitetlər özəlləşdirilməlidir. Biz bunları indi eləməliyik. Gözləməməliyik ki, vəziyyət tamamilə o həddə çatsın ki, artıq dövlət onları təmir etməyə vəsait tapa bilmir və bunu su qiymətinə edək".

Q. Həsənquliyev regionlardakı hava limanlarının özəlləşdirilməsini də vacib hesab edir. "Vaxtilə regionlarda aeroportlar tikiləndə mən bu məsələni qaldırmışdım. Lənkəranda aeroport tikiləndə mən dedim ki, burada velosiped zavodu tikilməlidir. Hər il Azərbaycana 100 min velosiped gətirilir. İndi regiondakı aeroportlar özəlləşdirilməlidir ki, həm də AZAL ilə həmin aeroportlar arasında bir rəqabət mühiti yaransın. Hökumət ciddi şəkildə bu işlərlə məşğul olmalıdır", - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR