Peşə məktəblərində çalışan müəllimlərin əmək haqqı sistemində dəyişiklər ediləcək

Peşə məktəblərində çalışan müəllimlərin əmək haqqı sistemində dəyişiklər ediləcək
# 19 aprel 2016 11:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanın peşə məktəblərində çalışan müəllimlərin əmək haqqı sistemində müəyyən dəyişiklər ediləcək. Təhsil Nazirliyinin ilk peşə-ixtisas təhsili sektorunun müdiri Nigar İsmayılzadə APA-ya açıqlamasında bildirib ki, peşə təhsili müəssisələrində çalışan müəllimlərin də diaqnostik qiymətləndirmədən keçirilməsi nəzərdə tutulub: “Hər bir müəllim yaxşı dərs keçəcəyi halda maaşının bir qədər fərqli olacağını bilməlidir. Deməzdim ki, hazırda peşə təhsili ilə bağlı ixtisaslı kadrlar çoxdur. Bu gün ixtisaslı kadrların hazırlanması, onların performansına əsaslanan və dövlət üçün maliyyə baxımından iqtisadi model olan daha səmərəli maaş mexanizminin işlənib-hazırlanması mühüm məsələlərdən biridir. Ölkədə bu sahə üzrə kadrların hazırlanmasında müxtəlif ölkələrlə birgə layihələr həyata keçirilir”.

N.İsmayılzadə qeyd edib ki, bu sahə üzrə ən mühüm yeniliklərdən biri Təhsil Nazirliyi yanında Peşə Təhsili Dövlət Agentliyinin yaradılması olacaq. Agentliyin yaradılmasının hər şeydən əvvəl Azərbaycan üçün imic məsələsi olduğunu deyən sektor müdirinin sözlərinə görə, indiyə kimi-son 20 ildə təhsillə bağlı islahatlar daha çox digər sahələrdə həyata keçirilib: “Peşə təhsilinə o qədər də əhəmiyyət verilməyib. Peşə Təhsili Dövlət Agentliyinin yaradılması peşə ixtisas təhsili siyasətini tətbiq etməklə məşğul olacaq və bütün təhsil müəssisələrinin koordinasiyasını aparacaq. Bu da effektiv idarəetməyə gətirib çıxaracaq və işəgötürənlərlə əlaqələrin yaradılmasına kömək edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR