Xələf Xələfov Koreya Respublikası xarici işlər nazirinin müavinini qəbul edib

Xələf Xələfov Koreya Respublikası xarici işlər nazirinin müavinini qəbul edib
# 09 dekabr 2015 15:37 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Respublikası və Koreya Respublikası arasında siyasi məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov Koreya Respublikasının xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Kim Hong-kyunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkələr arasında siyasi, iqtisadi, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayan X. Xələfov ikitərəfli əlaqələrin daha da dərinləşməsində qarşılıqlı yüksək səviyyəli rəsmi səfərlərin mühüm rol oynadığını deyib və bu kimi səfərlər mübadiləsinin yeni istiqamətlərin müəyyənləşdirilməsinə töhfə verəcəyini diqqətə çatdırıb.

Koreya xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Kim Hong-kyun ilk olaraq 4 dekabr tarixində “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş şiddətli yanğın və qəza nəticəsində insanların həlak olması ilə bağlı Koreya Respublikasının prezidenti, xanım Park Geun-hye tərəfindən Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanmış başsağlığı məktubunu təqdim edib. O, iki ölkə arasında 2009-cu ildə əsası qoyulmuş sayca ikinci siyasi məsləhətləşmələrdə ikitərəfli münasibətlərin inkişafının müxtəlif aspektləri, beynəlxalq arenada əməkdaşlıq və regional məsələlər üzrə aparılan müzakirələrin qarşılıqlı anlaşma baxımından əhəmiyyətini vurğulayıb.

X. Xələfov siyasi məsləhətləşmələrin davam etdirilməsinin əməkdaşlığın inkişafına əlavə təkan verəcəyini deyib. İkitərəfli iqtisadi əlaqələrə toxunan nazir müavini Koreya şirkətlərinin Azərbaycana sərmayə qoyuluşunun artırılmasında, eləcə də müxtəlif layihələrə yaxından cəlb olunmasında maraqlı olduqlarını bildirib.

Nəqliyyat-kommunikasiya, informasiya texnologiyaları, dəniz daşımaları kimi məsələlərin hazırda gündəmin prioritet məsələlərindən biri olduğunu qeyd edən Xələf Xələfov bu xüsusda həmkarına Cənub-Şərqi Asiyadan Avropaya yük daşımalarını daha səmərəli edəcək Şərq-Qərb nəqliyyat dəhlizi, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolu xətti barədə danışıb və bu layihəyə beynəlxalq ictimaiyyətin, eləcə də Çin, Mərkəzi Asiya dövlətləri və İpək Yolu boyunca yerləşən dövlətlərin xüsusi maraq göstərdiyini əlavə edib.

X. Xələfov həmkarına Cənubi Qafqaz regionunda sülh və sabitliyə başlıca təhdid yaradan və ümumilikdə regionun iqtisadi və sosial inkişafına mane olan Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verib. Azərbaycan ərazisinin 1/5 hissəsinin hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu bildirən diplomat münaqişənin həlli ilə əlaqədar ATƏT-in Minsk Qrupunun fəaliyyətinin heç bir real nəticə verməməsinin təəssüf doğurduğunu vurğulayıb. O, münaqişənin Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması, ərazi bütövlüyü və suverenliyinin bərpa olunması əsasında həllinin alternativi olmadığını diqqətə çatdırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR