Azərbaycanın hərbi qulluqçusu şəhid olub

Azərbaycanın hərbi qulluqçusu şəhid olub
# 14 aprel 2016 13:08 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Cəbhə boyu döyüş əməliyyatlarının dayandırılmasına dair əldə olunan razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən vəziyyəti gərginləşdirməkdə davam edir.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətində bildirilib.

“Qoşunların təmas xəttində aprelin 14-də düşmənin növbəti təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əhmədov Rüstəm Oruc oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir”, - deyə məlumatda qeyd olunub.

MN bildirir ki, qoşunların təmas xəttində baş verən bu qanlı provokasiyaya görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və düşmənə veriləcək cavab sarsıdıcı olacaq.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR