Yusif Şeyxov: “Film istehsal olunursa, qeydiyyata düşməlidir”

Yusif Şeyxov: “Film istehsal olunursa, qeydiyyata düşməlidir”
# 24 fevral 2016 14:40 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Nizami Kino Mərkəzində Filmlərin Dövlət Reyestrinə daxil edilməsi ilə bağlı brifinq təşkil olunub.

APA-nın məlumatına görə, nazirliyin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov bildirib ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən kino və videofilmlərin dövlət reyestrində qeydiyyata alınmadan yayımına və kütləvi nümayiş etdirilməsinə görə iki min manat miqdarında cərimə olunur: "Qanunvericiliyə uyğun olaraq ölkə ərazisində yayımına və kütləvi nümayişinə icazə verilən bütün filmlər Mədəniyyət və Turizm Nazirliyində qeydə alınmalı və Filmlərin Dövlət Reyestrinə daxil edilməlidir. Bu qərar mətbuatda və sosial şəbəkələrdə birmənalı qarşılanmadı və bəzi mübahisəli fikirlərin meydana gəlməsinə səbəb oldu. Mətbuatda, sosial şəbəkələrdə belə fikirlər səsləndi ki, filmlərin qeydiyyata alınması, cərimə məbləğinin tətbiqi müstəqil film istehsalına zərbə olacaq. Heç də belə deyil və bunun müstəqil filmlərin istehsalına hər hansı maneçiliklə əlaqəsi yoxdur. Film istehsal olunursa, qeydiyyata düşməlidir”.

C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov qeyd edib ki, filmlərin Dövlət Reyestrinə daxil edilməsinin Azərbaycanın beynəlxalq imicinə müsbət təsiri var: "Beynəlxalq aləmdə müəllif hüquqları ciddi şəkildə qorunur. Bu qərar daxili bazarda tamaşaçıların keyfiyyətli filmlərə baxmasına, kinoteatrlarla televiziyalar arasında hüquqların düzgün bölünməsinə səbəb olacaq. Eyni zamanda özəl sahənin inkişafına gətirib çıxaracaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR