Azərbaycan prezidenti bir qrup gənclə görüşüb

Azərbaycan prezidenti bir qrup gənclə görüşüb
# 29 yanvar 2016 13:17 (UTC +04:00)

APA-nın məlumatına görə, bir neçə gündən sonra I Gənclər Forumunun 20-ci ildönümünün qeyd olunacağını deyən prezident İlham Əliyev Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə keçirilən ilk Forumun Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Azərbaycanın müstəqillik tarixindən danışan dövlət başçısı ilk illərin ölkəmiz və xalqımız üçün ağır keçdiyini, Azərbaycana qarşı ermənilərin torpaq iddiaları ilə çıxış etdiyini, sovet rəhbərliyinin Bakıda cinayət törədərək günahsız insanları qətlə yetirdiyini deyib. Prezident İlham Əliyev bildirib ki, məhz o dövrdə Heydər Əliyev Moskvada sovet rəhbərliyinin cinayətkar əməllərini pisləyib.

1990-cı illərin əvvəllərindəki problemlərin əsas hissəsini hakimiyyət böhranı ilə əlaqələndirən prezident İlham Əliyev qeyd edib ki, o dövrdə AXC-Müsavat hakimiyyəti xalq üçün böyük bəla idi: “Zorla hakimiyyətə yiyələnən bu qüvvələr torpaqlarımızın bir hissəsinin işğalında rol oynayıblar”. Bu şəxslərin hakimiyyətə gəldikdən sonra bir-biriləri ilə mübarizə apardıqlarını, vəzifədən getdikdən sonra isə bəzilərinin qaçıb gizləndiyini deyən prezident İlham Əliyev 1993-cü ildən Heydər Əliyevin ölkədəki vəziyyəti normallaşdırdığını bildirib. “Heydər Əliyevin xidmətləri sayəsində “Əsrin müqaviləsi”nin imzalanması bir çox xarici qüvvələri hərəkətə gətirdi, onlar Azərbaycanda dövlət çevrilişlərinə cəhd etdilər, amma ulu öndər xalqın köməyi ilə vəziyyəti aradan qaldırdı”, - deyən prezident İlham Əliyev bildirib ki, indi əsas məqsəd ölkəmizdəki inkişafın dayanıqlı olmasını təmin etməkdir. Bu məsələdə gənclərin fəaliyyəti, onların baxışları həlledici rola malikdir.

Dövlət başçısı gənclərə milli dəyərlərimizi hər şeydən üstün tutmağı, vətənpərvərlik və mənəvi məsələlərdə hər zaman prinsipial olmağı tövsiyə edib, gənclərin bundan sonra da ölkəmizin inkişafına xidmət edəcəklərinə əminliyini bildirib.

Sonra Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə bir qrup gəncə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomları təqdim olunub.

Prezident İlham Əliyev könüllülər hərəkatının ölkəmizdə böyük gələcəyinin olduğunu, peşə təhsilinin geniş vüsət almasının əhəmiyyətini vurğulayıb, dünyanın aparıcı ali məktəblərinin Azərbaycanda öz filiallarını açdığını diqqətə çatdırıb. Gənclər və idman naziri Azad Rəhimov paytaxtda bir neçə Gənclər Evinin açıldığını deyib, bu prosesin davam etdiriləcəyini vurğulayıb.

“Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiasiyası” İctimai Birliyinin sədri Məryəm Məcidova qeyri-formal təhsilin inkişafı və intellektual oyunların keçirilməsi ilə bağlı fikirlərini bölüşüb. Prezident İlham Əliyev isə ölkəmizdə bir çox intellektual beynəlxalq oyunların keçirilməsi ideyasını dəstəklədiyini bildirib.

“BMT-nin modeli” layihəsinin əlaqələndiricisi Elmira Məmmədova Azərbaycan nümayəndələrinin beynəlxalq təşkilatlarda təmsilçiliyi ilə bağlı məsələyə toxunub. Dövlət başçısı Azərbaycanın BMT başda olmaqla bütün beynəlxalq təşkilatlarla yüksək əlaqələrə malik olduğunu deyib, gənclərin beynəlxalq təşkilatlarda təmsilçiliyini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

Gənc sahibkar, Davos İqtisadi Forumunun “Qlobal şefrs” təşkilatının üzvü Müşfiq Həsənov gənc sahibkarlara daha geniş imkanların yaradılması məsələsindən danışıb, “Gəncə 2016 - Avropa gənclər paytaxtı” İctimai Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Aysun Zeynalova isə Gəncənin Avropanın gənclər paytaxtı elan edilməsi ilə bağlı görülən işlər barədə məlumat verib. Dövlət başçısı da Gəncənin bu tədbiri yüksək səviyyədə keçirəcəyinə əminliyini bildirib.

Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Fond tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib. Prezident İlham Əliyev gələcəkdə də Fondun fəaliyyətinə dəstək veriləcəyini və maliyyə yardımının davam etdiriləcəyini bildirib.

Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi, hüquq üzrə fəlsəfə doktoru Zafiq Xəlilov gənclərin elmi tədqiqatlara daha çox cəlb olunması məsələsini qaldırıb. Prezident İlham Əliyev də bu məsələnin əhəmiyyətini vurğulayıb.

Sonda xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR