Marneuidə "2015-2020-ci illər üçün Vətəndaş Bərabərliyi və İnteqrasiya Strategiyası" sənədinin təqdmatı keçirilib - FOTOSESSİYA

Marneuidə "2015-2020-ci illər üçün Vətəndaş Bərabərliyi və İnteqrasiya Strategiyası" sənədinin  təqdmatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 29 iyun 2015 20:37 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə-APA. Marneulidəki Məşğulluq Mərkəzində "2015-2020-ci illər üçün Vətəndaş Bərabərliyi və İnteqrasiya Strategiyası" sənədinin təqdimatı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Gürcüstan Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirliyi aparatının təşəbbüsü və təşkilatçılığı ilə azərbaycanlıların kompakt yaşadığı Marneulidə baş tutub. Tədbirdə Gürcüstan Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirliyinin şöbə müdiri Tina Qoqeliani "2015-2020-ci illər üçün Vətəndaş Bərabərliyi və İnteqrasiya Strategiyası" sənədini təqdim edib. Təqdimat mərasimində Gürcüstan Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirliyinin Vətəndaş İnteqrasiyası Departamentinin rəisi Zviad Zviadadze, nazirliyin Kvemo Kartli bölgəsi üzrə nümayəndəsi Zaur Darğallı çıxış edərək 2015-2020-ci illər ərzində həyata keçiriləcək Vətəndaş Bərabərliyi və İnteqrasiya Strategiyasının vacibliyindən və siyasətin konkret mexanizmlərindən, qadınların hüquqlarının qorunmasından, milli azlıqlara informasiyanın çatdırılmasında jurnalistlərin rolundan, azlıqların seçkilərdə Gürcüstanın tamhüquqlu vətəndaşları olaraq iştirakından söhbət açıblar. Çıxışçılar qeyd ediblər ki, strategiya sənədi milli azlıqların yaşadığı bölgələrdə əvvəlcədən müzakirə olunub və irəli sürülən problem və təkliflər nəzərə alınıb.

Sənədin təqdimatından sonra qeyri-hökumət təşkilatlarının, media və yerli hakimiyyət orqanlarının nümayəndələri və Gürcüstan ali məktəblərində təhsil alan tələbələr, gürcü və azərbaycandilli orta məktəblərdə çalışan müəllimlər sənədə əlavə etmək üçün yenə də təklif və rəylərini bildiriblər. Tədbirdə nazirlik rəsmilərinə ünvanlanan suallar cavablandırılıb.

Gürcüstan Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirliyinin şöbə müdiri Tina Qoqeliani APA-ya açıqlamasında yeni strategiyanın müzakirəsi zamanı yeni təşəbbüslər, təklif və rəylər aldıqlarını bildirib: "Bu sənədi həyata keçirməkdə məqsədimiz dövlətin siyasəti ilə bağlı qarşıya qoyduğumuz tapşırıqların yerinə yetirilməsidir. Biz, öncə dövlət dilinin öyrənilməsini əsas məsələ kimi irəli sürür və milli azlıqların dövlət dilini mükəmməl bilməsi üçün istənilən şərait yaradırıq. Düşünürük ki, bu strategiya keyfiyyətli şəkildə həyata keçərsə, qarşıdan gələn illərdə biz məqsədimizə çatacağıq. Biz eyni zamanda strategiya sənədində dəqiq olaraq müxtəlif layihə və proqramlarda milli azlıqların dilində fəaliyyət göstərən məktəblərin inkişafı və kadr çatışmazlıqlarına da böyük diqqət yetirəcəyik. Qeyd edim ki, istər məktəbəqədər müəssisələrdə, istərsə də orta və ali məktəblərdə ən böyük diqqət bütün səviyyələrdə təhsilin keyfiyyətli tədrisinə yönəldiləcək. Bu diqqətə həm də müəllimlərin təkmilləşdirilməsi, kadr hazırlığı, dərs resurslarının keyfiyyətli nəşr olunması da daxil olacaq. Bu zəncirvari inkişafın mərhələli şəkildə həyata keçirilməsində hansısa zəncir qırılarsa, onda təhsilin keyfiyyəti də olmayacaq. Buna görə də hər bir mərhələdə məsuliyyətlə çalışmaq və inkişaf üçün müsbət nəticələr əldə etmək lazımdır və bununla biz problem məsələləri də həll edəcəyik", deyə T. Qoqeliani bildirib.

T. Qoqeliani həmçinin qeyd edib ki, bölgələrdə milli azlıqlarla məsləhətləşmələrdən və diskussiyalardan sonra qəbul olunacaq "2015-2020-ci illər üçün Vətəndaş Bərabərliyi və İnteqrasiya Strategiyası" sənədini Gürcüstan hökumətinə təsdiq üçün təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR