Azərbaycandan göndərilən humanitar yardım Cibutiyə çatıb

Azərbaycandan göndərilən humanitar yardım Cibutiyə çatıb
# 13 aprel 2017 14:35 (UTC +04:00)

"Silk Way Airlines" aviaşirkəti Bakıdan Cibutiyə ilk yük aviareysini yerinə yetirib. Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, bu, hər iki ölkə arasında hər həftə müntəzəm reyslərin yerinə yetirilməsi üzrə böyük proqramın həyata keçirilməsinin başlanğıcı olub.


Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən bu reys ilə Cibutiyə ümumi çəkisi təxminən 76 ton olan ərzaq məhsulları və içməli sudan ibarət humanitar yardım çatdırılıb.

Eyni zamanda ilk reys vasitəsilə Azərbaycan istehsalçılarının "Made in Azerbaijan" brendi altında 30 ton məhsulları göndərilib. Xüsusilə, aşağıdakı Azərbaycan istehsalçılarının - "Gilan Holding", "Azersun Holding" və s. şirkətlərin məhsulları Cibutiyə çatdırılıb.

Azərbaycan məhsullarının yeni bazarda təqdimatı iki ölkə arasında qarşılıqlı ticarət əlaqələrinin başlanması və ticarət dövriyyəsinin artırılması üçün böyük stimul olacaq. Azərbaycan və Cibuti arasında müntəzəm uçuşların başlaması iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələrlə yanaşı, siyasi və mədəni əlaqələrin inkişafına da töhfə verəcək.


Bundan əlavə, Azərbaycan və Cibuti arasında mülki aviasiya sahəsində iki protokol imzalanıb. Sənədləri Azərbaycan tərəfdən AZAL-ın prezidenti Cahangir Əsgərov, Cibuti tərəfdən isə ölkənin Mülki Aviasiya Administrasiyasının rəhbəri Almis Mahmud Haid və "Air Djibuti"nin icraçı direktoru Əbubəkir Ömər Hadi imzalayıblar.

Sənədlər İCAO-nun tələblərinə uyğun Cibuti Mülki Aviasiya Administrasiyasının normativ və requlyativ sənədlərinin hazırlanmasında Azərbaycanın köməyi, eləcə də bu ölkə üçün mülki aviasiya sahəsində mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.

Qeyd edək ki, bundan öncə fevral ayında Azərbaycan və Cibuti arasında mülki aviasiya sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR