Naxçıvanda külək və su elektrik stansiyaları tikiləcək

Naxçıvanda külək və su elektrik stansiyaları tikiləcək
# 27 oktyabr 2016 07:54 (UTC +04:00)

Bakı-APA. Naxçıvan Muxtar Respublikasında (MR) Araz çayı üzərində derivasiyatipli 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir.

MR Dövlət Energetika Agentliyindən APA-ya bildirilib ki, gücü 14 meqavat olan Tivi Su Elektrik Stansiyasının (SES) və 3,5 meqavat olan Qazançı SES-in tikintisinin texniki-iqtisadi əsaslandırılması hazırlanır. Culfa rayonunda isə gələcəkdə külək elektrik stansiyası tikintisinin texniki-iqtisadi əsaslandırılması üçün ölçmə işləri aparılır.

Agentlikdən bildirilib ki, enerji təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər əhalinin tələbatını ödəməklə yanaşı, həm də MR-da iqtisadiyyatın davamlı inkişafını təmin edib. Buna görə də enerji təchizatının yaxşılaşdırılması və müasirləşdirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır. MR-da mövcud elektrik stansiyalarının, yarımstansiya və elektrik verilişi avadanlıqlarının təmiri ilə yanaşı, yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi sahəsində də mühüm işlər görülür.

Məlumat üçün bildirək ki, hazırda muxtar respublikadakı 8 elektrik stansiyasının ümumi gücü 237,4 meqavat təşkil edir. Görülən işlərin nəticəsidir ki, Naxçıvanda alternativ və bərpa olunan elektrik stansiyalarında istehsal olunan enerji ümumi istehsalın 61,1 faizini təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR