"Azərsu" Xaçmazın su təchizatını yaxşılaşdırır

"Azərsu" Xaçmazın su təchizatını yaxşılaşdırır
# 26 dekabr 2016 13:07 (UTC +04:00)

“Azərsu” ASC Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq içməli su çatışmazlığı müşahidə edilən kəndlərin su təchizatının yaxşılaşdırılması tədbirlərini davam etdirir.

“Azərsu”nun İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə və “Azərsu” ASC-yə bölgələrdən daxil olmuş müraciətlər əsasında 5 rayonda 13 kəndin içməli su təchizatının yaxşılaşdırılması Səhmdar Cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Planına daxil edilib və həmin kəndlərdə layihələr həyata keçirilib. Xaçmaz rayonunun 7 kəndini əhatə edən içməli su layihəsinin icrası yekunlaşıb və suyun verilməsinə başlanılıb.

“Azərsu”nun “Birləşmiş Sukanal” MMC direktorunun müavini Ramin Sadıqov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə respublikada həyata keçirilən layihələr barədə məlumat vermiş və bu tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb: “Azərbaycan prezidenti İlham Əliyevin əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması barədə tapşırıqlarına uyğun olaraq bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. İçməli su problemi müşahidə olunan kəndlərdən Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə və “Azərsu”ya daxil olmuş müraciətlər əsasında kəndlərin su təchizatı imkanları araşdırılmış və qısa müddətdə layihələr işlənərək icra edilib”.

Xaçmaz rayonunun 7 kəndində həyata keçirilmiş layihə çərçivəsində Qaradağlı, Alıcqışlaq, Çiləgir, Manaf-Oba, Seyidlər, Aşağı Ləgər və Gülalan kəndlərində içməli su təchizatı sistemləri yaradılmışdır. Həmin kəndlərdə müxtəlif diametrli borularla 14 km içməli su xətti çəkilib, bulaqlar quraşdırılıb. Hazırda Xaçmaz rayonunun Gülalan, Aşağı Ləgər, Alıcqışlaq, Manaf-Oba və Seyidlər kəndlərinə içməli su artezian quyuları, Qaradağlı və Çiləgir kəndlərinə isə II Bakı Su Kəmərindən verilir. Yeni layihənin icrasından Xaçmaz rayonunun 7 kəndinin 4600-dək sakini faydalanıb.

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinə və "Azərsu"ya daxil olmuş müraciətlər əsasında Ağsu rayonunun Elabad və Yenilik, Şabran rayonunun Təzəkənd və Dəvəçi, Hacıqabul rayonunun Navahı və İsmayıllı rayonunun Kürdmaşı kəndlərində də layihələrin icrasına qərar verilib. Artıq Elabad və Yenilik kəndlərində layihələrin icrası başa çatıb, Şabran rayonunun Təzəkənd və İsmayıllı rayonunun Kürdmaşı kəndlərində işlər yekunlaşma ərəfəsindədir. Şabran rayonunun Dəvəçi və Hacıqabul rayonunun Navahı kəndlərində layihələrin icrası davam etdirilir.

Ümumilikdə 5 rayonun 13 kəndində 30 km-dən artıq su xəttinin çəkilməsi nəzərdə tutulur. Bu layihələrdən həmin kəndlərin 6200-dək sakini faydalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR