İsrail nümayəndə heyəti DİN-də olub

İsrail nümayəndə heyəti DİN-də olub
# 24 iyul 2017 15:49 (UTC +04:00)


Azərbaycanda səfərdə olan İsrail Müdafiə Nazirliyinin Hərbi Təsisatın Təhlükəsizliyi Direktoratlığının rəhbəri Nir Ben Moşenin rəhbərlik etdiyi nümayəndə heyəti Daxili İşlər Nazirliyində olub.

DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaqlara ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin qədim tarixə malik olduğu, son illər iki dövlətin hüquq-mühafizə orqanları arasında ikitərəfli əlaqələrin inkişaf etdiyi diqqətə çatdırılıb.

Sonra qonaqlara DİN-in əsas hüquq və vəzifələri, mövcud kriminogen durum, müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində torpaqlarımızın işğalı, habelə daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar barədə məlumat verilib.

Demokratikləşmə və islahatlar prosesinin DİN-dən də yan keçmədiyi, ölkəmizin Avropaya inteqrasiya etməsi, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunların qəbul edilməsi, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların mütəxəssislərinin təcrübə və tövsiyələrindən istifadə edildiyi, qanunların icrasına böyük önəm verildiyi də diqqətə çatdırılıb. O da qeyd edilib ki, bu gün Azərbaycan MDB məkanında hər yüz min nəfərə düşən cinayətlərin sayının azlığına görə öncül yerlərdən birini tutur, xarici investorların ölkəmizin iqtisadiyyatına sərmayə qoymaları, normal fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb.

Nir Ben Moşe isə Bakının simasında ölkəmizin sürətli inkişafından, geniş quruculuq və abadlıq işlərinin aparılmasından, yeni infrastrukturların yaradılmasından məmnunluğunu qeyd edib, hər iki ölkənin müvafiq qurumları arasında işgüzar əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini yüksək dəyərləndirərək, Azərbaycanda yaradılmış tolerantlıq mühitindən razılığını ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR