ABŞ-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəliyi açılıb

ABŞ-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəliyi açılıb
# 07 fevral 2018 07:16 (UTC +04:00)

Fevralın 5-də ABŞ-ın Los Anceles şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəliyinin açılması münasibətilə geniş tədbir keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə dəstəyi və təşkilatçılığı ilə keçirilmiş tədbirdə xarici ölkələrin baş konsulları, elm və mədəniyyət xadimləri, dini icma rəhbərləri, jurnalistlər, Azərbaycan, yəhudi, türk, Koreya və digər icmaların nümayəndələri iştirak ediblər.

Baş Konsulluqdan APA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-da nümayəndəliyinin açılmasını əlamətdar hadisə adlandırıb. O, Azərbaycanda kök salmış multikulturalizm və tolerantlıq ənənələrindən danışaraq, bu dəyərlərin ölkədə əsrlərdir mövcud olduğunu deyib. N. Ağayev Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olduğunu və sülh şəraitində dinc yanaşı yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini və bu unikal tolerantlıq mühitinin günü-gündən daha da gücləndiyini diqqətə çatdırıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsini icra edən Rəvan Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2014-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə yaradıldığını diqqətə çatdırıb. Mərkəzin yaradılmasında əsas məqsədin Azərbaycanın multikulturalizm ənənələrinin öyrənilməsi, bu sahədə dünya təcrübəsinin araşdırılması və Azərbaycan modelinin bütün dünyada təbliğinin həyata keçirilməsindən ibarət olduğunu vurğulayan R. Həsənov 3 illik fəaliyyəti müddətində Mərkəzin Vatikan, London, Berlin, Bern, Helsinki, Roma, Cakarta və digər şəhərlərdə çoxsaylı layihələr həyata keçirdiyini söyləyib. O, bu günə qədər Mərkəzin müxtəlif xarici ölkələrdə nümayəndəliklərinin açıldığını qeyd edərək bu gün ABŞ-da nümayəndəliyin açılmasının Azərbaycan modelinin öyrənilməsi və iki ölkə arasında təcrübə mübadiləsi üçün geniş imkanlar yaratdığını bildirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-dakı nümayəndəliyinin rəhbəri, 2009-2017-ci illərdə ABŞ prezident administrasiyasında yüksək vəzifə tutmuş Canna Skot (Jannah Scott) çıxış edərək Mərkəzin ABŞ-da ilk nümayəndəliyinin rəhbəri seçilməsindən çox məmnun olduğunu vurğulayıb. O, Azərbaycana bir neçə dəfə səfər etdiyini, ölkədə mövcud olan multikulturalizm və tolerantlıq mühiti ilə yaxından tanış olduğunu, bu ənənələrin ABŞ ictimaiyyətinə daha dərindən çatdırılması istiqamətində nümayəndəliyin uğurlu fəaliyyət göstərəcəyinə inandığını deyib.

Sonra çıxış edən BBMM-nin ABŞ-dakı nümayəndəliyinin idarə heyətinin üzvləri - ABŞ-dakı Koreya icmasının liderlərindən olan, İnanc və İcmaların Gücləndirilməsi Təşkilatının icraçı direktoru Heypin İm (Hyepin Im) və Pakistan Şurasının sədri Adnan Xan Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələri haqqında danışaraq ölkənin tolerantlıq modelinin bütün dünyaya nümunə ola biləcəyini qeyd ediblər.

Daha sonra BBMM-nin ABŞ-da nümayəndəliyinin yaradılmasına dair nümayəndəliyin rəhbəri Canna Skot və BBMM-nin icraçı direktoru vəzifəsini icra edən Rəvan Həsənov arasında anlaşma memorandumu imzalanıb.

Tədbirdə Azərbaycanın multikulturalizm ənənələrindən bəhs edən qısa film nümayiş etdirilib və Azərbaycan musiqisindən nümunələr səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR