Ombudsmanın nümayəndələri Şəki Penitensiar Kompleksinə başçəkmə həyata keçiriblər

Ombudsmanın nümayəndələri Şəki Penitensiar Kompleksinə başçəkmə həyata keçiriblər
# 11 avqust 2015 10:07 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Kompleksinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin və məhkumların hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı MPQ üzvləri tərəfindən kompleks daxilində müxtəlif obyektlərdə 50-dən çox saxlanılan şəxs fərdi qaydada dinlənilib, habelə bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilib, söhbətlər aparılıb və bəzi müraciətlər yerində araşdırılıb.

Qəbul edilmiş şəxslər şəraitdən və müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Habelə penitensiar kompleksin yataqxanalarına, yeməkxanasına, tibb-sanitar hissəsinə, cərimə təcridxanasına, görüş yerlərinə və digər obyektlərə baxışlar keçirilib, qidalanma, içməli, isti və soyuq su təminatı, tibbi yardım, gəzinti, görüş, sovqat və telefon danışıqları ilə bağlı sənədləşmə və mövcud vəziyyət araşdırılıb.

Başçəkmə çərçivəsində milli və beynəlxalq qanunvericiliyə, o cümlədən daxili intizam qaydalarına müvafiq şəkildə müəssisə rəhbərliyinə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR