Qorxmaz Hüseynov: “Abşeron yarımadasında yaşayan 1 mln-dan artıq insanın içməli su problemi birdəfəlik həll ediləcək”

Qorxmaz Hüseynov: “Abşeron yarımadasında yaşayan 1 mln-dan artıq insanın içməli su problemi birdəfəlik həll ediləcək”
# 24 sentyabr 2013 14:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərsu” ASC-nin Təxirəsalınmaz Tədbirlər Proqramına əsasən bu il Oğuz rayonunun 17 min insanın yaşadığı 7 kəndində su layihələri başa çatıb.

APA-Economics”in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

Onun sözlərinə görə, hazırda Masallının 23, Yardımlının 15 kəndini əhatə edən layihələr icra olunur. Eyni zamanda Qusar, Salyan, Goranboy, Qobustan və digər rayonların sudan əziyyət çəkən kəndlərində su təchizatı sistemləri yaradılır. Qaçqın və məcburi köçkünlərin, sərhəd bölgəsində yerləşən kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını xüsusi diqqətdə saxlanılır: “Bilirsiniz ki, su mənbələrimizin bir hissəsi işğal altındadır. Biz vaxtilə həmin mənbələrdən qidalanan kəndlərə indi alternativ mənbələrdən içməli suyun verilməsinə çalışırıq. Məsələn, 2013-cü ildə Goranboy rayonunun cəbhə xəttində yerləşən Tapqaraqoyunlu kəndində yeni layihənin icrasına başladıq və qısa müddətdə kəndə yeni 20 km uzunluğunda magistral su xətti çəkildi, kənddaxili şəbəkə quruldu və hazırda sakinlər fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunurlar”.

Q.Hüseynov bildirib ki, proqrama uyğun olaraq Abşeron yarımadasının kənd və qəsəbələrinin dayanıqlı içməli su təchizatı üçün Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəməri çəkilməli idi: “Qısa müddətdə kəmərin Qala qəsəbəsinə qədər olan hissəsi istismara verildi. Bu kəmərlə Abşeron rayonunun Mehdiabad, Digah, Məhəmmədli, Binəqədi rayonunun Gülüstan yaşayış massivi, Sabunçu rayonunun Balaxanı, Zabrat, Sabunçu, Ramana, Xəzər rayonunun Qala, Şüvəlan, Mərdəkan qəsəbələrinə içməli su verilir. Həmin yaşayış məntəqələrinin bir çoxunda ümumiyyətlə su şəbəkəsi mövcud olmayıb. Şəbəkə olan yerlərdə isə əhali bəzən həftədə 1 dəfə su ala bilirdi. Növbəti mərhələdə Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərinin Qala qəsəbəsindən Pirallahıyadək olan 35 km-lik hissəsinin tikintisi həyata keçiriləcək. Bununla da Türkan, Zirə, Dübəndi, Gürgan və Pirallahı qəsəbələrinə suyun verilməsi təmin olunacaq. Ümumilikdə Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğu və Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı kəməri istismara verildikdən, həmçinin kənd və qəsəbələrdə yeni şəbəkələr qurulduqdan sonra Abşeron yarımadasında yaşayan 1 mln.-dan artıq insanın içməli su problemi birdəfəlik həll ediləcək”.

“Azərsu” ASC-nin sədri bildirib ki, sutəmizləyici qurğunun və magistral kəmərin tikintisi ilə yanaşı, Abşeron yarımadasının kənd və qəsəbələrində mərkəzləşmiş içməli su şəbəkəsi yaradılır: “Hazırda 30-dan artıq kənd və qəsəbədə tikinti işləri davam etdirilir. İstehlakçılara verilən içməli suyun keyfiyyətinə ən müasir metodlarla nəzarət etmək üçün “Azərsu” ASC-nin yeni Mərkəzi Laboratoriyası inşa olunub. İçməli və çirkab suların tərkibinin daha dəqiq tədqiqi məqsədilə tikilən laboratoriyada ən müasir cihaz və avadanlıqlar quraşdırılıb və burada 138 parametr öyrəniləcək. Yeni müasir laboratoriyada Avropa Birliyi ölkələrinin və Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun analizlər aparılacaq və nəticələr əldə olunacaq. Yeni laboratoriyanın beynəlxalq akkreditasiyaya təqdim edilməsi də planlaşdırılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR